Aprelin 17-də Qaradağ Rayon İcra Hakimiyyəti Müqəddəs Pasxa bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün ziyafət təşkil edib. Trend-in məlumatına görə, ziyafət Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq sarayında keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Rus icmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı Aleksandr Qlatkov, Bakıdakı Rus Provaslav kilsəsinin baş keşişi Dolinin Protoevey Antonii və digər dəvət olunanlar iştirak ediblər.İlk öncə çıxış edən Azərbaycan Rus icmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin Azərbaycanı tolerantlığın yüksək səviyyədə olduğu bir ölkə olduğu fikrini səsləndirdi. Qeyd etdi ki, ölkədə milli azlıqların öz milli-mədəni dəyərlərini qorumaq üçün bütün şərait yaradılıb, rus dilində təhsil ocaqlarının, mədəniyyət evlərinin, mətbuat orqanlarının, televiziya verilişlərinin olması dövlət tərəfindən daim dəstəklənməsi və bu sahədə görülən işlərin genişlənməsi hər birimizi öz vətənimizdəki kimi hiss etməyimizə əminlik hissi yaradır.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Pasxa bayramı münasibəti ilə tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik edərək, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyü, tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənməsini diqqətə çatdırıb.
Rus Provaslav kilsəsinin nümayəndələri tərəfindən xeyir dua edildi, dini ayinlər icra olunub.
Sonra tədbir bədii, əyləncəli proqramla davam edib.