“Baxdım ki, hamı təlaş içində azərbaycançılıqdan danışır. Çox gözəl! Azərbaycançılıq ölkənin əsas ideoloji xəttidir, ona sayğı hər bir vətəndaşın borcudur və bu gün bu ideologiyanı təhlükə altına alan heç bir olay, hərəkət yoxdur. Onda bəs bu adamları çilədən çıxaran nədir?”.
Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq deputat Sabir Rüstəmxanlı səsləndirib.Mətbuata açıqlamasında Xalq şairi əsas mətləbin nədən ibarət olduğunu belə açıqlayıb:
“Son vaxtlar bəzi siyasi xadimlər durub-durduqları yerdə tez-tez qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Biri deyir, “biz türk deyilik, hind-avropa irqiyik” (sanki ondan kimliyini soruşan var və ya hamı intizarla onun kimin törəməsi olduğu ilə maraqlanır); biri deyir, “dilimiz türk dili deyil”, biri deyir, “türk mahnıları bizim “bülbül cəh-cəhlərimizi” yarımçıq qoydu”, biri deyir, “türklər bizim düşmənimizdir”, biri deyir, “türk deyənlərin anasını ağladıb hamısını məhv etmək lazımdır”, biri deyir, “Xətainin qanı xristian qanıdır” və s. Yəni ölkədə faşızm səviyyəsində bir türk düşmənçiliyi və açıq-gizli rus heyranlığı baş alıb gedir. Birisi dönüb bunlara cavab verəndə ki, ay balam, mənim atam-babam türk olub, pasportunda milliyyəti türk yazılıb, mən də türkəm, o dəqiqə şivən qopur ki, sizin nə haqqınız var türk sözünü dilinizə alırsınız. Hətta bəzilərinin qudurğanlıqları və nadanlıqları o yerə çatır ki, 1937-ci ilin havasına girir, “bəsdir, türk sözü qadağan edilməlidir, özünü türk sayanlar məhv edilməlidir” və s.
Görəsən bunlar kimdir? Xocalı soyqırımı kimi etnik təmizləmə aparıb, Azərbaycan Respublikasının 9 milyon türk kökənli əhalisini- Azərbaycan vətəndaşını bütövlüklə yer üzündən siləcəklər? Onlar bu məhkəməlik cəsarəti hardan alırlar? Yaxşı, deyək ki, bizi qırıb qurtardılar, burda türk sözünü qadağan elədilər, bəs 35 milyonluq Güney Azərbaycan türkləri necə olacaq? Axı etnik və mənəvi qohumları olan farsların məhvetmə siyasəti heç bir nəticə verməyib və verməyəcək. Deməli, Azərbaycan türkünün taleyi tək burdakı avantürist və azərbaycanlı adı altında gizlənməyə çalışan etnik separatçılardan asılı deyil və şükür ki, belədir…”
O, açıqlamasında deyib ki, kim nə deyir-desin, onun fikrincə, bunlar öz ağıllarıyla danışmırlar. Bunların çoxunun köhnə partiya namenklaturasından qopduqlarını, hələ də köhnə SSRİ xiffətiylə yaşadıqlarını nəzərə alsaq, xoruzun quyruğu görünəcək:
“Bəli, Azərbaycanda son dövrlərdə rus məktəblərinin artması, rusiyapərəstliyin açıq təbliğ edilməsi, milli dövlətçiliyimizə inamı azaldan yazıların, dedi-qoduların çoxalması və sair bir çox dilə gətirmədiyim əlamətlər hardansa düymənin basıldığını, gizli bir mexanizmin işə düşdüyünü və xəyanətkar bir dəstənin sürətlə aranı qarışdırmaq, “beşinci kolon”un ölkədə münaqişə ocaqları yaratmaq istədiyini göstərir. Yoxsa kiminsə özünə türk deməsi nə böyük hadisədir ki, bunların canına vic-vicə sala! Azərbaycanın çeşidli guşələrində hər gün mınlərlə adam “rusam”, “ləzgiyəm”, “avaram”, “talışam”, “kürdəm” deyir. Çox gözəl. Ölkənin multikulturalizm siyasəti bu şəraiti yaradıb. Bunun nəyi pisdir ki? Müxtəlif köklərdən gəlib bir gül dəstəsinə, bir göy qurşağına, sarsılmaz birliyə çevrilmişik…
Dünyanın hər yerində belədir. Etnik kimliyin bilinməsi normal cəmiyyətdə problem yaratmaz, əksinə, bunu gizlədib özünü səndən birisi kimi göstərib, ölkənin maraqlarını satanlar təhlükəlidir. Mən bu müxtəlifliyi Azərbaycanın sərvəti sayıram, bununla qürur duyuram və Vətəndaş Həmrəyliyi Partiyasını da bu birliyi daha da möhkəmləndirmək üçün yaratmışam. Bu xalqların hər birinin onlarla nümayəndəsi var dostlarım arasında. Bütün bunlar bəsit, hər kəsin bilməli olduğu həqiqət ikən, mənim özümü öz əsl kimliyimlə türk saymağımda nə qəbahət var ki, ağzımı açan kimi qarğa-quzğun dəstəsi qırıldaşmağa başlayır? Siz kimsiniz ki, müasir bir dövlətdə mənə milli mənsubiyyətini dilə gətirməyi yasaqlayasınz? Bunu Stalin bacarmadı, beriyalar, mikoyanlar bacarmadı, siz bacaracaqsınız? Və ümumiyyətlə, bu yeni stalinçilik səlahiyyətini kim verib sizə? Bəyəm sizin əslinizi-nəslinizi tanımırıq?
Heç olmasa, böyüklərimizi yada salın! Səməd Vurğun Moskvada Stalinə “Rəhbərə salam” şerini oxumuşdu: “Salam gətirmişəm hüzuruna mən, …çadrasız, boyasız TÜRK qızlarından”; Heydər Əliyev Türkiyəyə xitabən “biz bir millət, iki dövlətik” demişdi; ədəbiyyatımızın və tarıxımızın bütün keçmiş böyükləri özünü türk adlandırırdı… Bunu yaddaşlardan necə silmək istəyirsiniz?
Bəli, “azərbaycanlı” sözündə bir birləşdiricilik var və biz bu sözü sevə-sevə deyirik. “Azərbaycan” sözünün yer və dövlət anlamında neçə minillik yaşı var və istədilər-istəmədilər, əsrlər boyu buranın əsas əhalisi Azərbaycan türkləri olub və adlarını çəkdiyim xalqlarla tarixi bir qardaşlıq ailəsi qurub.
Ensiklopediya Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə edir. Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” adlı xüsusi cildində oxuyuruq: “Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir… Ölkənin əsas əhalisini (90 faizindən çox) azərbaycanlılar təşkil edir”. Sonra digər xalqların adı və sayı göstərilir, həmin xalqlar haqqında məlumat verilir: talışlar, tatlar, kürdlər, yəhudilər, ləzgilər, avarlar, udinlər, Axıska türkləri, ruslar, ermənilər və s.