İnformasiya müharibəsi cəbhəsində SON DURUM

İnformasiya müharibəsi cəbhəsində SON DURUM backend

Təmas xəttində son eskalasiya zamanı Azərbaycan ordusu Xocavənd istiqamətində 6 hərbçisini itirib. Düşmən tərəf öz itkilərini açıqlamır. Təmas xəttində yüngül artilleriya və müxtəlif çaplı minomyotların tətbiq olunması intensiv xarakter alıb. Son döyüşlərin gedişatı barədə Azərbaycan Müdafiə Nazirliyinin çox xəsis məlumatları oldu. Ermənilərin atəşkəsi pozmaları intensivliyi fevralın 23-dən artmağa başladı. Artıq 26 – 27 fevral arasında döyüşlərin pik həddə çatmasından danışmaq olar.

DÖYÜŞLƏRİN SƏBƏBİ

Döyüşlərin məhz fevralın sonunda niyə qızışması barədə müxtəlif fikirlər var. Bəzilərinə görə, bu döyüşlər ermənilərin Xocalı soyqırımının ildönümündən dünya ictimaiyyətinin fikrini yayındırmaq idi. Həmçinin mövcud bir fikirə görə, indiki İrəvan rejimi seçki öncəsi nüfuzunu qaldırmaq üçün hərbi qarşıdurmaya getmişdir. Həm də, İrəvan artıq ötən ilki məğlubiyyətindən sonra başını dik tutmağa cəsarət etmir. ABŞ erməni işğalçılarına son model gecə görmə və postların vizual müdafiəsi sistemlərini bağışlayıb. Rusiya isə, ermənilərə İskander raketlərini satmışdır.

İNFORMASİYA MÜHARİBƏSİ

Bəri başdan deyək ki, bizim ekstremal şəraitdə, yəni gözlənilmədən cəbhədə erməni hücumları zamanı tətbiq ediləcək informasiya siyasətimiz qətiyyən yoxdur. Biz şəhid əsgərlərimizin meyidlərinin görüntülərinin erməni tərəfindən yayımlanmasını nəzərdə tutmuruq. Ermənilərin bu dəfə bəxti gətirmişdir ki, bu cür görüntüləri çəkə bilmişdilər. Fevral toqquşmalarında bizim tərəfin erməni işğalçılarının meyidlərinin kütləvi video-çəkilişi kimi şansı olmadı; ötən ilin aprelində olduğu kimi. Eybi yox, inşallah, gələn dəfə yüzlərlə erməni işğalçısının üfunətli, eybəcər cansız cəmdəklərini dünyaya göstərərik.

Bu döyüşlərə informasiya və dezinformasiya baxımından ermənilər daha hazırlıqlı göründülər. Ermənilərin informasiya sahəsində təxribatlarına aid bir neçə misal göstərə bilərik. Məsələn, onlar guya Azərbaycan ordusunun erməni mövqelərini vurması ilə bağlı videoklip montaj eləmişdilər. Yəni, Suriyada İŞİD-in mövqeyinin vurulması kadrlarını götürüb, oraya Azərbaycan dilində səslər yazmışlar. Bizim izləyicilər bu kadrlardan sevinmişdilər. Elə bilmişlər ki, videoda Azərbaycan əsgərlərinin erməni işğalçılarının mövqeyini darmadağın etməsi əks olunub. Ermənilər isə, bir qədər sonra bütün dünyaya yaydılar ki, guya bu kadrlar “Azərbaycan tərəfinin montajıdır və Azərbaycan xalqının öz hərbçiləri tərəfindən aldanılması” baş verir. Göründüyü qədər, ermənilər bu cür təxribat oyunlarını qurarkən öz əhalisinin qorxacağından çəkinmir, əksinə, təxribatın final mərhələsində “hayeslər, qorxmayın, turkeslər özlərini aldadırlar” mesajını verdilər.
Ermənilərin ekstremal hallarda ikinci fəndi – Azərbaycan əhalisi içində parçalanma, sosial və siyasi qarşıdurma yaradılmasına hesablanmışdır. Şəhid əsgərlərimizin və onların dəfnlərinin görüntüləri internet məkanda yayıldıqca azərbaycanlı adları altında sosial şəbəkələrdə gizlənmiş ermənilər belə bir təxribatçı ideyalar yaymağa başladılar: “qırılan kasıbın uşaqlarıdır”, “varlıların, filan məmurun oğlu niyə şəhid olmur?”, “niyə varlıların, filan-filan məmurların oğlanları cəbhə bölgəsində deyillər?” və i.a. Milli özünüdərki az olan, iqtisadi çətinlikdən “sinfi inciklik” kompleksini yaşayan soydaşlarımızın toplumu üçün bu təxribatçı fikirlər münbit zəmin oldu. Beləliklə, ermənilər özlərinə qarşı bizdə olan nifrəti öz içimizə yönəltməyə çalışdılar.

Ekstremal şəraitdə ermənilərin Azərbaycana qarşı başladığı dezinformasiya hücumunun üçüncü istiqaməti vəzifəli şəxslər arasında intriqa toxumlarının səpilməsi idi. Ermənilər Azərbaycan tərəfə belə bir təxribatçı ideya atırdılar ki, müdafiə naziri Zakir Həsənova qarşı nazirlikdə olan qruplar tələ qurmuşlar və nazirin nüfuzunu aşağa salmaq üçün erməni işğalçılarının mövqeləri üzərinə uğursuz hücum əməliyyatları təşkil etmişlər.

Nəhayət, ermənilərin dezinformasiya sahəsində dördüncü istiqaməti Azərbaycandakı etnik kartın oynadılması idi. Bizim Müdafiə Nazirliyi informasiya sahəsində xəsislik siyasəti yürütdüyü bir zamanda İnternet məkanında ermənilərin talış, ləzgi və kürd dilindəki elektron resursları tam hücuma keçmişdilər.

“Azərbaycan türkləri uşaqlarınızı qırğına aparır!”, “Niyə türklərə görə balalarınızı ölümə atırsınız?”, “Oğullarınıza deyin, Azərbaycan ordusunun sıralarını tərk etsin! Bu yad millətlərin müharibəsidir, bu sizə aid deyil!” və s. təxribatçı təbliğat şüarları və video filmlər İnterneti bürümüşdü.

Bütün bunların müqabilində Azərbaycan tərəfi, xüsusilə, Azərbaycan Müdafiə Nazirliyinin aidiyyatı şöbələri, Azərbaycan hərbi və dövlət xüsusi xidmətlərinin müvafiq ideoloji və informasiya sahəsində mübarizə bölümləri gözlərini döyərək susmuşdular, səsləri də çıxmırdı, erməniyə qarşı təbliğat-təxribat fəaliyətləri ya yox idi, ya da effektiv deyildi.

Yaxşı, anladıq ki, bacarıq və istedad çatmır, onda heç olmasa, ermənilərdən informasiya sahəsində təbliğat və təxribat işlərini qurmağın yollarını öyrənmək lazımdır. Azərbaycana qarşı fəaliyyət göstərən, Rusiyada və qondarma “ermənistanda” bazalaşmış talış, ləzgi və kürd dilində radio, internet TV və saytlara qarşı mübarizə aparmaq üçün yeganə yol məhz, bu dillərdə KİV-lərin Azərbaycanda yaradılmasıdır. Talış, ləzgi, müsəlman və yezidi kürd dilində döşə ermənilərə, rusiyalı imperialistlərə! Görün, effekti necə olacaq!

İnformasiya sahəsində ən acınacaqlı durumun nümayişi Azərbaycanın hüquq-mühafizə orqanlarının yerli KİV-lərə xəbərdarlıq etməsi idi. Belə ki, respublika Baş Prokurorluğunun bir sayta xəbərdarlığında yerli KİV-lərə mesaj verilirdi ki, erməni təxribat fabrikinin məhsulu olan şayiə və dezinformasiyaları yaymasınlar. Beləliklə, birincisi, dolayısı ilə etiraf edildi ki, erməni təbliğat və təxribat maşını döyüşlərin alovlanmasına daha hazırlıqlıdır və effekiv fəaliyyət göstərir. İkincisi, erməni işğalçılarına qarşı bizim informasiya mübarizə sahəmiz bərbad gündədir ki, düşmənin informasiya təxribatının öhdəsindən gələ bilmir.

Üçüncüsü, XXI əsrdə informasiya müharibəsində KİV-lərə xəbərdarlıq etməyin məntiqi varmı?! Lap tutaq ki, Azərbaycandakı kağız üzərində və elektron yazılı informasiya verən KİV-lər işini dayandırdı. Bəs bu camaat İnternetə daxil olmurmu? Erməni və ermənipərəst Rusiya və Qərb xəbər saytlarına baxmırmı? Əgər informasiya qıtlığı varsa, hətta KİV-lərimiz susubsa, elə bil, əhali internetdəki düşmənin yalan dolu xəbərlərini oxumayacaq?

Beləliklə, KİV-lərə xəbərdarlıq etmək komik bir durumdur. Bu komik durum ondan irəli gəlir ki, XXI əsrdə informasiya inqilabının yaratdığı mühiti Azərbaycanda hələ bəziləri anlaya bilmir. Qalıblar İkinci Dünya müharibəsi dövründə!!!
İkincisi, Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev hal-hazırda Praqada, Çexiyanın paytaxtında yaşayır. Bu həmin Çexiyadır ki, erməni kəşfiyyatı və erməni diasporu orada at oynadır. Məsələn, hətta çexiyalı avrodeputat Ştetinanı ermənilər nəsli ilə birgə satın alıb cibişdanlarında saxlayırlar. Beləliklə, xarici ölkədə, ABŞ, Rusiya və erməni kəşfiyyatının at oynatdığı bir yerdə Azərbaycanın hərbi sirlərini bilən adam – keçmiş müdafiə naziri Səfər Əbiyev yaşayır?! ABŞ-ın, İsrailin və bir çox ölkələrin qanununlarına görə, stfrateji vəzifələrdə oturmuş dövlət adamları təqaüd dövründə xaricə gedə bilməzlər, müvəqqəti (istirahət, qohumla görüş, müalicə və s. üçün) getsələr belə, onları ölkənin xüsusi xidmət orqanı nümayəndələri müşayət etməlidir; çünki dövlət sirrinin daşıyıcısıdırlar. Bizdə isə, müharibə aparan dövlətin hərbi sirlərini bilən Səfər Əbiyevə erməni agenturasının tuğyan etdiyi ölkəyə köçməsinə icazə verilir, amma çayxanaya aylarla borcu olan, hansısa saytın bədbaxt jurnalistinə xəbərdarlıq edilir ki, Azərbaycanda hamının girib baxdlğı düşmən ölkə saytlarından sitat gətirməsin?! Doğrudan gülməli durumdur, acı təəssüf gülüşü ilə dolu durum...

Yenə heç olmasa, Azərbaycan Prezidentinin özü şəxsən düşmənin informasiya təxribatları ilə mübarizə aparır. Prezident İlham Əliyevin son günlər ərzində verdiyi bəyanatlar, Pakistanda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində səsləndirdiyi mesajlar erməni işğalçılarının informasiya sahəsində mənfur təbliğat və təxribat siyasətinə böyük zərbə oldu. Yəni, bunu Prezidentimiz etdi...
Digəl ki, məhz informasiya sahəsində mübarizə aparmaq üçün bizim aidiyyatı dövlət orqanlarının müvafiq şöbələri var...

“Millətçilik” qəzeti 03 mart 2017-cı il