Nazirlik Şəmkirdə Qarabağ müharibəsi əlillərinə yeni evlər verdi

Nazirlik Şəmkirdə Qarabağ müharibəsi əlillərinə yeni evlər verdi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonunda 3 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinə təqdim etdi. Bu barədə QAZİLER.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəmkir rayonunda inşa olunmuş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim olunub.



Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin, şəhid ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərdən razılıqla bəhs ediblər. Onlar sosial cəhətdən həssas qruplardan olan insanlara göstərilən yüksək diqqət və qayğıya, o cümlədən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin yeni mənzillərlə təmin olunmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Evlərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini vurğulayıb. O bildirib ki, ölkəmizdə bütün sosial proqramlarla bərabər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində də tədbirlər də uğurla davam etdirilir.



Qeyd olunub ki, 2015-2016-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və respublikamızın bölgələri üzrə ümumilikdə 569 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir etdirilməsi işləri davam etdirilir. Eyni zamanda, Şəmkir rayonunda da yeni fərdi evlər inşa olunmaqdadır, yaxın günlərdə onların tikintisi işləri də tamamlanacaq və istifadəyə veriləcək.



Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə təmin olunduqları, onlara yönələn sosial ödənişlərin mütəmadi olaraq artırıldığı diqqətə çatdırılıb. Qeyd olunanlar bu gün Azərbaycanda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin daim Prezident qayğısı ilə əhatə olunduqlarını təsdiq edir və həmin insanların hərtərəfli təminatının güclənməsinə yönələn işlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyinə əminlik hissi yaradır.



Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.




Diaspora