5 tələbənin həlak olduğu qəza haqda YENİ AÇIQLAMALAR

5 tələbənin həlak olduğu qəza haqda YENİ AÇIQLAMALAR backend

Bu gün səhər Bakı-Sumqayıt yolunda qəzaya səbəb olan "Ford" markalı mikroavtobus qanunsuz fəaliyyət göstərib.

Bu barədə BakiPost.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

O bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır: "Avtobus "20 Yanvar”-Sumqayıt istiqamətində qeyri-qanuni olaraq fəaliyyətdə olub. Ona görə də, proses Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır və ekspert rəyindən sonra açıqlama veriləcək”.

Ş. Mehmanqızı qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı və marşrut kartı verilməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakıdan Sumqayıt istiqamətində gedən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu Masazır dairəsindəki körpünün üstündə daş maşınına çırpılıb.

Hadisə zamanı 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Avtobusda olan sərnişinlərin hamısı Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Səhiyyə Nazirliyi isə maşında ümumilikdə 28 nəfərin olduğunu qeyd edib.