Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin fevral ayının sonuna qədər müayinədən 249050 nəfər keçib.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu tarixlərdə müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.Fevral ayında müayinədən keçmiş 440 nəfərdə talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 9 nəfərdə isə QİÇS aşkar olunub.
Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.