“Xəbər365-lə bir bazar səhəri”nin növbəti buraxılışını təqdim edirik. Layihənin adından da göründüyü kimi, bir bazar səhərində ölkənin aydınları, fikir və sənət, media adamları ilə bir araya gəlib bizi – cəmiyyəti narahat edən, düşündürən məsələlərdən danışırıq.
Bu dəfə isə Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar jurnalist, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu ilə birlikdə son günlərdə cəbhə xəttində yaşanan gərginliyin mediada necə işıqlandırılmasından, Müdafiə Nazirliyinin qeyri-operativ məlumat yaymasının cəmiyyətdə doğurduğu narahatlıq və narazılıqdan danışdıq.Söhbətimizin nəticəsinə əsasən, vətən uğrunda şəhid verməyi qürur mənbəyi kimi təqdim etməli və məhz buna görə də qarşıdurmada yaşanan itkilər cəmiyyətdən gizlədilməməlidir. Əgər biz şəhidlərin varlığı ilə fəxr eləsək, o zaman əsgərlərimizn həlak olması xalqdan gizlədilməz.
Digər bir məqam isə, bu gün, xüsusilə də bu kimi həssas durumda xəbərləri idarə etmək olmur. Ona görə də Azərbaycan mediasında erməni mənbələrinin xəbər axınını idarə etməsinə imkan verməməli, informasiya müharibəsində uduzmamalıyıq. Söhbət zamanı, müdafiə nazirinin dəyişməsinin müsbət mənada fikirləri də dəyişməsi, aprel döyüşlərinin xalqı məğlubiyyət sindromundan çıxarması, hakimiyyətə münasibətdən qaynaqlanan yanaşmayla əsgərlərimizin döyüş ruhunu öldürməməli olduğumuz kimi məqamlar qabardıldı. Qonaqlarımız bu qənaətdədir: media nümayəndələri də informasiya müharibəsinin əsgərləridir və Müdafiə Nazirliyi onları silahsız buraxmamalıdır.




