Bakı şəhərində yol təmir-tikinti işləri ilə bağlı yerindən götürülən görkəmli şair Mikayıl Müşfiqin abidəsi bir aya bərpa ediləcək.
Axşam.az-ın məlumatına görə, bu gün Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, həmçinin mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçirilib. Heykəlin yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı yer müəyyən olunub.Zakir Sultanov görkəmli şairin heykəlinin bu ərazidə, yaşayış binasına yaxın yerdə qoyulacağını deyib. "Ərazidə yaşıllaşdırma və abadlıq işləri də aparılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Düşünürəm ki, təxminən 1 ay müddətində heykəl yenidən burada ucaldılacaq”.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə mətbuata açıqlamasında bildirib ki, görkəmli şairin heykəli müvafiq qanunvericiliyə uyğun olmayaraq aidiyyəti dövlət orqanına məlumat verilmədən götürülüb. “Bu, əlbəttə, yolverilməz bir hərəkətdir. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb, heykəl həmin meydanın ortasında qoyulsun. Bu, ola bilməz. Heykəlin miqyası böyük olmadığına görə kiçik bağçada yerləşməlidir. Mən məsləhət gördüm ki, heykəl həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunsun”.
Elbəy Qasımzadə bu gündən başlayaraq heykəlin bərpa olunması işlərinə başlandığını diqqətə çatdırıb.
Mikayıl Müşfiqin 1970-ci ildə qırmızı qranitdən hazırlanan heykəlinin müəllifi Əməkdar Rəssam Münəvvər Rzayevadır.