Bu gün Bakının Nərimanov rayonunda, 47 saylı məktəbdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımın 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə QAZİLER.AZ saytına tədbirdə iştirak edən Qarabağ qazisi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmov xəbər verib.Tədbiri açan məktəbin direktoru Aytən xanım Bağırova Xocalı soyqırımının mahiyyətindən danışıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərdən danışıb.
Millət vəkili Aqil Abbas çıxış edərək dövlətin o cümlədən millət vəkillərinin Xocalı soyqırımı, erməni işğalının dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. O, eyni zamanda belə təbirlərdə daha yasa batmağa yox, vətənpərvərlik hislərinin təbliğinə üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Qarabağ döyüşçüsü, Xocalı soyqırımı zamanı düşmənin nəzarəti altında olan ərazilərdən meyitlərin çıxarılmasında, əsir xocalıların azad olunması prosesində yaxından iştirak edən və bu işdə müstəsna xidməti olan Zahid Qarayev o zaman gördükləri hadisələrdən söz açıb. O, Xocalı soyqırımı zamanı erməniləri törətdiyi vəhşiliyin miqyasından danışıb.
Sonra məktəbin müəllimi Aybəniz Rüsəmovanın hazırladığı proqram üzrə şagirdlərin və xanəndə Murad Kəngərlinin ifasında bədi-musiqili çıxışlar təqdim ediblər.
Ədalət Məhərrəmov belə yüksək səviyyəli tədbir düzənlədiklərinə görə, Aytən Bağırovaya, Aybəniz Rüsəmovaya və məktəbin bütün müəllim - şagird kollektivinə minnətdarlığını bildirib.
Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının sevimli ifaçısı Şəmistan Əlizamanlının ifalarının audio - təqdimatı ilə başa çatan tədbirdə Xocalı sakinləri də iştirak edib.