Maltanın baş naziri Jozef Muskat aprelin sonunda Azərbaycana gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Maltanın hökumət rəhbəri Forum çərçivəsində müzakirələrə qatılaraq “Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusunda çıxış edəcək.Qeyd olunub ki, Jozef Muskat 2014-cü ilin dekabr ayında Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
Xatırladaq ki, uzun illər radio jurnalisti kimi fəaliyyət göstərən 41 yaşlı J.Muskat sonradan siyasətlə məşğul olaraq deputat seçilib, Leyboristlər partiyasına rəhbərlik edib. 2013-cü ilin martından isə ölkənin Baş naziri vəzifəsinə təyin olunub.