Gözlədim ki, ehtiraslar səngisin, sonra yazım. Xatırlarsınız, lap bu yaxınlarda Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrova sual vermiş həmkarımız Anar Həsənovla bağlı ortalıq qarışmışdı. İddia edilirdi ki, Anar bəyi bu sualına görə işdən çıxarıblar. Özü də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun tələbilə. Ki, bəs niyə bu jurnalist o cür “təxribatçı” sual verib, bizim qulağımıza xoş olmayan cavabın səslənməsinə səbəb olub?
Açığı, bir jurnalistin bir sualının bu qədər səs-küyə səbəb olması məndə təəccüb oyandırmamışdı. Çünki söhbət o qədər həssas məsələdən gedirdi ki, onun ətrafında nəsə bir hadisə baş verməliydi.
Sualın qoyuluşu, gözlənilən cavabın təxmin edilməsi haqqında da fikir yürüdə bilərəm. Amma bunu bir kənara qoyub sadəcə bu məsələdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adının bu qədər hallandırılmasına münasibət bildirməyə gərək duyuram.
Bəllidir ki, o məlum əhvalatdan sonra Azərbaycan mətbuatında, sosial şəbəkələrdə hörmətli səfir haqqında sağa-sola hədyanlar səsləndi, təhqirlər baş alıb getdi. Çox təəssüfləndirici haldır əslində. Hələ bir müddət sonra səfirin geri çağırılması üçün çağırışlar edildi. Rusiyadakı diaspor təşkilatları müraciətlər yayaraq Polad Bülbüloğlunu yarıtmazlıqda ittiham etdi, səfirliyimizi isə korrupsiya və gərəksiz bürokratiyada suçladı. Haqlıdırlarmı? Qərar vermirəm. Amma onların özəlliklə bürokratiya ilə bağlı səsləndirdiyi fikirləri də gözardı etməmək lazım. Yəni adamlar bir ittiham səsləndirirsə, mütləq araşdırmaq lazımdır ki, gərəksiz söz-söhbət olmasın. Təbii ki, ölkəmizin təmsilçiliyi olaraq səfirlik haqqında belə söhbətlər heç də xoş deyil. Hələ Polad Bülbüloğlunun şəxsinə yönəlik təhqir və gözdənsalmaları demirəm.
Bütün bunları bir kənara qoyub 2012-ci ildə Moskvada Polad Bülbüloğluyla bağlı şahidi olduqlarımı qələmə almaq istərdim.
Biz, Azərbaycandan bir qrup jurnalist Moskvaya dəvət edilmişdik. Məqsəd Ermənistandan da dəvət edilmiş jurnalistlərlə masa arxasında müzakirə aparmaq idi. 2012-ci ilin iyun ayı idi. Təşəbbüs Azərbaycanın səfiri Polad Bülbüloğlu və Ermənistanın səfiri Oleq Yesayandan gəlmişdi. Vasitəçi qismində isə Rusiyanın keçmiş mədəniyyət naziri Mixail Şvıdkoy çıxış edirdi. Bu görüşün təfərrüatlarını bir kənara qoyub Polad Bülbüloğluyla bağlı bir müşahidəmi paylaşıram.
Səfərin sonuncu günü heyətlər Rusiyalı vasitəçilərin də iştirakıyla Mərkəzi Ədəbiyyatçılar Evində axşam yeməyinə dəvətli idi. Bütün səfər boyu öz xidməti maşınından imtina edib bizimlə birlikdə olan Polad Bülbüloğlunun müşayiətilə yeməyə gəlmişdik. İçəri daxil olanda yaşadığım duyğuları heç zaman unuda bilmərəm. Bu duyğuları mənə və yəqin ki, bizim heyətdəki digər Azərbaycanlılara da məhz Polad Bülbüloğlu şəxsiyyəti yaşatmışdı.
Biz içəri daxil olanda fərqli masaların arxasında oturmuş xeyli sayda insan vardı. Onların demək olar ki, hamısı Polad Bülbüloğlunu görən kimi masalarından qalxıb qabağına yüyürdülər. Hiss olunurdu ki, hamısı da nüfuzlu, yaşlı-başlı insanlardır. Qadınlar, kişilər bizim səfirimizin qarşısına keçib onu bağırlarına basır, hal-əhval tutub öz masalarına dəvət edirdilər. O qədər sıcaq bir ortam vardı ki, mən özüm də çaş-baş qalmışdım. Təbii ki, kimsənin bizimlə işi yox idi. Amma o yetərincə nüfuzlu evdə hər kəsin Polad Bülbüloğluyla heç olmasa hal-əhval tutmağa can atması bir Azərbaycanlı olaraq mənə qürur verirdi.
Mənim ölkəmin səfiri Moskva kimi dünyanın ən önəmli mərkəzlərindən birində ən adi vəziyyətdə, belə məhəbbətlə qəbul edilir, qarşılanırdı.
Polad Bülbüloğlu da öz sırasında hər kəsə təşəkkür edir, keflərini soruşur, hal-əhval tuturdu. Hiss olunurdu ki, həm bu adamlar, həm də cənab səfir bir-birilərinə münasibətdə çox səmimidirlər.
Diplomatiyada isə bu səmimiyyət, bu münasibət olduqca vacibdir. Mən o səfərdən öncə də dəfələrlə demişdim ki, Rusiya kimi bir ölkədə Azərbaycanı məhz Polad Bülbüloğlu kimi birisi təmsil etməlidir. Çünki bu insan orada tanınır, sevilir, qəbul edilir. İstədiyi zaman istədiyi səviyyədə əlaqə qura, lazım olanda pərdəarxası danışıqlar apara, ən çətin adamlarla belə dil tapa bildiyi üçün. Polad Bülbüloğlu bu günümüzdə də Moskvadakı səfirliyimizə başçılıq etmək üçün ən layiqli və ən uyğun kadrdır.
Polad Bülbüloğlu bizim üçün dəyərdir. Tək başına bir ağır çəkidir. Diplomat, səfir olmaq sadəcə uyğun ixtisas təhsili almaq, hansısa xarici dilləri bilməklə bitmir. Bu sahə insandan həm də xarizma, geniş əlaqələr, getdiyi ölkədə özünü yaxşı mənada qəbul etdirməyi tələb edir.
Polad Bülbüloğlu getdiyi ölkədə heç əziyyət çəkmədən özünü qəbul etdirməyi bacarmış, sevilmiş və sevilməkdədir. Bu isə Azərbaycanın Moskvayla münasibətlərində çox önəmli məqamdır. Təsadüfi deyil ki, Azərbaycan-Rusiya münasibətləri məhz belə körpü-şəxsiyyət kimi diplomatımızın da sayəsində yüksək səviyyədədir.
Yeri gəlmişkən, məni ikiqat qürurlandıran bir də Ermənistan səfiri Oleq Yesayanın şəxsiyyəti və ona münasibət idi. Əslən Qarabağdan olan, Azərbaycan dilini təmiz bilən bu səfir adamda diplomatdan çox kolxoz sədri təəssüratı oyadırdı. Bu ifadə bəlkə də yerinə düşmür, amma doğrudan da o bir neçə gündə apardığım müşahidələr, adamla ünsiyyətim belə bir qənaətimə səbəb olmuşdu. Bu səfir Polad Bülbüloğluyla heç bir göstəricisinə görə müqayisə edilə bilməzdi. Ümumiyyətlə yaxın belə gəlməsi imkansızdı. Ədəbiyyatçılar evindəki münasibət də bu qənaətimi təsdiqləyirdi. O da içəri daxil olanda heç olmasa hansısa masanın arxasından kimsə ayağa qalxıb salam verməliydi. Amma Oleq Yesayanın içəri daxil olması heç kimin yerindən qımıldanmasına belə səbəb olmadı.
Demək istədiyim odur ki, Polad Bülbüloğlu istər sənət aləmində, istərsə də diplomatiyamızda ağır çəkili toplardan biri, çox zaman da birincisidir. Belə bir şəxsin Moskvada səfir olması bizim üçün hava və su kimi lazımdır. Elə isə bu şəxsi gözdən salmaq Azərbaycan üçün nə qədər xeyirlidir? Yəni onun səfir vəzifəsindən kənarlaşdırılması üçün çağırış edənlər bunu düşündülərmi?
Sözardı: Mən Moskva səfirliyimizdəki neqativ hallarla bağlı deyilənlərə nə haqq qazandıra, nə də rədd edə bilmərəm. Çünki araşdırmamışam, bilgim yoxdur. Amma düşünürəm ki, Xarici İşlər Nazirliyi mütləq bu məsələyə aydınlıq gətirməlidir. Ümumiyyətlə isə, bir sıra ölkələrdəki səfirliklərimizin ölü qurumlar olması, səfirlərimizin diplomatiya yerinə bizneslə məşğul olması haqqında geniş fikirlər mövcuddur. Məncə, bu fikirlərin də üzərinə gedilməlidir…