“Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib
Bu gün Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Nəsimi rayon İcra Hakimiyyəti və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamentilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib.Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları iştirak edib. İştirakçılar arasında təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri də olub.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Nəsimi rayonunda Oyunların hazırlığı dövründə görülən işlər barəsində ətraflı məlumat verib. Eləcə də rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını vurğulanıb.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının vəzifələrindən danışıb.
Eləcə də enerji, qaz, su təchizatı idarələri və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən bəhs edilib.
Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.
Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.