PA nümayəndəsi: “Serj Sarkisyan Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib”

PA nümayəndəsi: “Serj Sarkisyan Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib” backend

“Ölkə.Az”-ın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bu gün Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində çıxışı zamanı bildirib.

Ə.Mehdiyev hazırda ABŞ-da və digər ölkələrdə bu sahədə geniş fəaliyyətin həyata keçirildiyini söyləyib:

“Artıq ABŞ-ın 20-dən artıq ştatında Xocalı qətliam kimi qəbul olunub. Bu gün bu sahədə xeyli uğurlar qazansaq da, təcrübə göstərir ki, gördüyümüz işlər bizim qalib çıxmağımız, torpaqlarımızın azad olunması, ona lazımı qiymətin verilməsi üçün kifayət deyil. Biz işimizi daha da intensivləşdirməli və məsələyə lazımi hüququ qiymətin verilməsinə dair işlərimizi davam etdirməliyik. Bu baxımdan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin yüksək qiymətləndirirəm. Bu sənəd hüququ baxımdan işlərin yekunlaşmasına öz töhfəsini verəcək. Biz gələcək fəaliyyətimizi bu qanuna əsasən həyata keçirməliyik ki, bunu törədənlərin cəzalandırılmasına nail olaq, razi bütövlüyümüzü pozanlara qarşı zəruri işlərimizi görə bilək”.

PA rəsmisi qeyd edib ki, Ermənistan təcavüzünün aradan qaldırılması ilə bağlı ilkin işlərə məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə başlanılıb:

“Bu işlər sonradan da uğurla davam etdirilib. Məhz görülən işlərin nəticəsində Xocalı soyqırımına hüquqi qiymət verilməyə başlanılıb. Bununla bağlı fəaliyyət sonrakı dövrlərdə səngiməyib. Bu ilin 24 yanvarında Azərbaycan Prezidentinin Xocalı soyqırımının 25 illiyi ilə bağlı sərəncamı bu məsələyə diqqətimizi yönəldir. İndiyədək beynəlxalq aləmdə bununla bağlı tədbirlər keçirilsə də hələ də məsələyə lazımi hüquqi qiymət verilmədiyi üçün qarşımızda mühüm işlər dayanır. Sərəncama əsasən müvafiq tədbirlər planı hazlırlanıb, həyata keçiriləcək. Bu, bütün dövlət strukturlarının qarşısında duran əsas vəzifədir”.

Ə.Mehdiyev vurğulayıb ki, Xocalı soyqırımı ermənilərin 100 ildən bəri Azərbaycana qarşı həyata keçirdiyi vəhşiliklərin ən ağırıdır:

“Beynəlxalq aləmdə də soyqırım ən ağır cinayət əməli kimi qiymətləndirilir. Biz də bundan istifadə edərək ölkəmizə qarşı törədilən cinayət işinin günahkarlarını cəzalandırmağa çalışmalıyıq. Burada çoxa faktlar məlumdur. Onu törədənlər vaxtilə Ermənistan rəhbərliyində təmsil olunan şəxslər, keçmiş prezident Koçaryan, indiki rəhbər Sarkisyan və digərləridir. Onların çoxları öz çıxışlarında günahlarını gizlətməyə çalışmayıblar. Sarkisyan bu işdə yaxından iştirak etdiyini etiraf edərək, əməllərinə bəraət qazandırmağa çalışıb. Bu gün qarşımızda duran məsələ siyasi informasiya mübarizəsi işini gücləndirmək, məsələyə beynəlxalq qiymətin verilməsinə nail olmaqdır”.