Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində paytaxt yollarında xüsusi rejim tətbiq olunacaq. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq bu istiqamətdə hazırlıqlara başlanılıb.
Onun sözlərinə görə, bu rejimə əsasən müəyyən yolların bağlanması ilə əlaqədar bəzi avtobusların hərəkət istiqaməti dəyişdiriləcək.“Xüsusi xəritə hazırlanıb. Dəyişikliklər əsasən Heydər Əliyev prospektilə Ziya Bünyadov prospekti istiqamətində gedən bütün sərnişin avtobuslarının hərəkət istiqamətində dəyişiklik olacaq. Bundan başqa, oyunların keçirildiyi yerlərə yaxın olan bütün istiqamətlərdə gedən avtobusların hərəkət istiqaməti dəyişdiriləcək. Artıq müzakirələrə başlanılıb. Yaxın günlərdə hərəkət istiqaməti dəyişdiriləcək avtobusların nömrələri barədə də açıqlama veriləcək”, - deyə Namiq Həsənov bildirib.
Qeyd edək ki, nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün ehtimal edilən versiyalardan biri Nizami rayonu, "Koroğlu" metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, "Qara Qarayev" metro stansiyası ətrafına köçürülməsidir.