Hərbi ekspert Elnur Hüseynzadə ilə bağlı erməni iddialarını darmadağın etdi

Hərbi ekspert Elnur Hüseynzadə ilə bağlı erməni iddialarını darmadağın etdi backend

Elnur Hüseynzadə ilə bağlı erməni iddialarını darmadağın etdi. Elnur Hüseynzadə adlı keçmiş hərbçimiz ermənilərin əlinə keçib. Bununla bağlı gözlənildiyi kimi ermənilər şou düzəldiblər. Guya Elnur kəşfiyyata gedib və əməliyyat zamanı ələ keçib. Azərbaycan tərəfində də bəziləri bu oyunun qurbanına çevrilərək ordunu tənqid edir. Cəbhə xəttində boşluqların olduğunu deyir.

Ermənilərin yalan maşınını hərbi ekspert Tərlan Eyvazov Ölkə.Az-da ifşa etdi:

"Ermənilər iddia edir ki, bizim kəşfiyyat qrupu fevralın 1-də saat 15:00 radələrində dumandan istifadə edərək onlar tərəfə keçib, bu zaman ermənilərlə bizim kəşfiyyat qrupu arasında döyüş olub. Hərbçilərimiz geri çəkiləndə ermənilər Elnur Hüseynzadəni əsir götürüblər.

- Bu iddiaya cavab olaraq bildirim ki, xüsusi təyinatlı əməliyyat adətən gecə vaxtı keçirilir. Günün günorta çağı belə əməliyyat keçirilmir.

Ermənilər iddia edir ki, Elnur Hüseynzadə N saylı hərbi hissənin çavuşu olub.

- Əgər ermənilərin dediyi kimi Elnur Hüseynzadə həmin hərbi hissənin çavuşu olubsa, həmin hərbi hissə sıra taborudur. Həmin hərbi hissənin şəxsi heyəti postlarda durur. Onlar xüsusi əməliyyatlara cəlb olunmur.



Ermənilər Azərbaycan tərəfini günahlandırır və bildirir ki, Elnur Hüseynzadə təxris olunmayıb.

- Elnur Hüseynzadə 4 aydır ki, MAXE kimi xidmətə cəlb olunub. Məndə olan məlumata görə, intizamsızlığına görə yanvar ayının 28-də ordudan təxris olunub, ehtiyata göndərilib.

Erməni mediası Elnur Hüseynzadənin hərbi formada şəkillərini yayımlayıb.

- Həmin şəkillərə baxanda görürük ki, Elnur Hüseynzadənin əynində buşlat təzədir. İkinci şəkildə isə Elnur Hüseynzadənin əynində səhra paltarı var. Əgər Elnur Hüseynzadə kəşfiyyata getmişdisə, özü ilə hərbi paradda geyinilən forma götürüb?
Bildiyimiz kimi bizim hərbi birləşmələrin hər birinin forması ayrıdır. Əgər ermənilərin dediyi kimi o adam həmin hərbi hissənin hərbçisidirsə, bu adamın forması, yəni fotolardakı forma hərbi hissənin geyiminə uyğun deyil. Bundan əlavə, Elnur Hüseynzadənin əynindəki buşlat əsgər buşlatıdır. Azərbaycan ordusunda isə zabit, gizir, MAXE-lərin formaları əsgər formalarından fərqlidir. Hiss olunur ki, ermənilər o formanı ambardan alıb, Elnur Hüseynzadənin əyninə geyindiriblər. Ermənilər Elnuru o qədər tələsik geyindiriblər ki, onu kəşfiyyata keçərkən tutulmuş hərbçi kimi təqdim edəcəklərini unudublar. Kəşfiyyata keçən hərbçi sürünər, əyilər, qalxar, Elnurun əynindəki forma isə ütülüdür.



Azərbaycanda bəziləri bilərək və ya bilməyərək ordumuzda fərariliyin olduğunu deyir. İkinci dünya müharibəsində SSRİ-i tərəfindən döyüşən xalqlar arasında düşmən tərəfinə keçən ən az azərbaycanlılar olub. Əfqanıstan müharibəsində isə bir nəfər də olsun azərbaycanlı döyüşçü düşmən tərəfinə keçməyib.

Əgər Elnur Hüseynzadə əməliyyata cəlb olunub və əgər əməliyyat vaxtı əsir götürülübsə onun xidməti silahı hanı? Onun silahı haradadır? Elnur Hüseynzadə ordu sıralarından təxris edildiyinə görə onun tabel silahı ola da bilməzdi. Ortalıqda silah yoxdursa, o adamın hansısa bir əməliyyatda iştirak etməsi absurd bir məsələdir.

Aprel hadisələrindən sonra atəşkəs elan edilib. Özümüzün və beynəlxalq müşahidəçilərin gördüyü kimi, xüsusi bir əməliyyat keçirilməyib. Yalnız düşmənin açdığı atəşlərə cavab verilib. Ona görə də, həmin ərazidə ermənilərin yalanlarından başqa heç bir məlumat yoxdur".

Elnur Hüseynzadənin əsir düşməsi məsələsinə gəldikdə isə, hərbi ekspert bunları dedi:

"Elnur Hüseynzadənin intizamsızlığı onun ordudan xaric edilməsi ilə nəticələnib. Təbii ki, Elnur Hüseynzadə xidmətə götürüləndə yoxlanılmalı idi. Bu yalnız ordunun günahı deyil. Ona göndəriş verən yerli icra sturukturlarının, səfərbərlik idarəsinin də bu məsələdə günahı var. Çünki hər adama sənəd verib onu ordu sıralarına, xüsusən də cəbhə bölgəsinə göndərmək olmaz.

Bəzi həmkarlarımız iddia edir ki, Elnur Hüseynzadə xidməti dövründə ermənilərlə işbirliyi qurub. Bu da inandırıcı deyil. Elə işlə məşğul olan adam hər hansısa vəsait əsnasında olmalıdır. Düşmən tərəfə işləyən biri əslində özünü yüksək səviyyədə aparmalıdır ki, daim işləsin və onlardan həmişə vəsait əldə edə bilsin. Göründüyü kimi isə Elnur Hüseynzadə intizamsızlıq edib.



Əldə etdiyim məlumata görə, Elnur Hüseynzadənin ailəsi, həmçinin iş yoldaşları ilə də problemləri olub. O, yoldaşları tərəfindən qəbul edilməyib. Öz valideyninin təqaüd kartını oğurlayıb, buna görə də söz-söhbət olub. Özündən yaşlı xanımla intim münasibətdə olub, onunla evlənməyi söz verib, ancaq buna əməl etməyib. Bütün bunlardan sonra ordudan da uzaqlaşdırılıb və bununla da qazanc yerini əldən verib. Ona görə də, gedib özünə başqa iş tapmaq əvəzinə, düşmən tərəfinə keçməyi üstün tutub.

Bundan faciə düzəltmək lazım deyil. Aprel hadisələrinə qədər az qala hər ay erməni tərəfindən MAXE-lər, əsgərlər orada olan ağır şəraitə görə üçüncü ölkəyə getmək şərti ilə Azərbaycan tərəfinə keçiblər. Onların bəziləri üçüncü ölkəyə göndərilib, bəziləri isə hələ də bizdədir. Ermənistan tərəfi Elnur Hüseynzadəni 2 gün gizlətdilər, onun üzərində işlədilər, sonra isə yanına hüquq müdafiəçiləri göndərdilər və şou yaratdılar. Ermənilər unudur ki, onların neçə əsgəri bizdədir, onlar biz tərəfə keçiblər ki, hüquqları pozulub və Azərbaycandan vətəndaşlıq istəyirlər".

Bir çox insanlar sual verir ki, cəbhə xəttimiz necə qorunur ki, oradan kim istədi qarşı tərəfə keçə bilir? Bu suala isə Tərlan Eyvazov belə cavab verdi:

"Oradan kim istəsə keçə bilmir. Həmin vətəndaşımız orada xidmət edib. Xidmət etdiyi ərazini yaxşı bilib. Ərazini yaxşı bilməsi onun qarşı tərəfə keçməsinə kömək olub. Dünyada ən yaxşı qorunan sərhəd SSR-nin sərhədi olub. SSRİ sərhədinə dəmir sərhəd deyirdilər, oradan keçmək mümkün deyildi. Ancaq sovet rəhbərliyinin ən böyük qorxusu sərhəddə xidmət edən insanlardan idi. Bilirdilər ki, kim keçə bilməsə də, keçmiş sərhədçilər oradan rahat keçə bilər. Çünki onlar yerli relyefi və qorunma şərtlərini çox gözəl bilirdilər. Ona görə də, həmin yerlərə göndərilən insanlar çoxlu yoxlamalardan keçirdi. Onlar ordudan təxris olundan sonra xidmət etdikləri zonalara buraxılmırdılar. Buna görə sensasiya yaratmaq lazım deyil. Təbii ki, bu olmamalı idi. Ermənilər tərəfindən onlarla insanın bizim tərəfə keçməsinə qarşı bizdən bir nəfərin o tərəfə keçməsi böyük bir faciə deyil.

Əminəm ki, ermənilər həmin adamdan istifadə edib, şouları bitəndən sonra Azərbaycan tərəfinə geri qaytaracaqlar".

Sonda isə hərbi ekspert şəhidimiz Çingiz Qurbanovun nəşinin qaytarılmasına münasibət bildirdi. Ermənilərdən fərqli olaraq ictimaiyyətimizin şəhidə diqqəti çox önəmli olduğunu qeyd etdi.

"Şəhidimizin ailəsinə baş sağlığı və şəhidliyin mübarək deyirəm. Şəhidimizin gec də olsa geri qaytarılması onu göstərdi ki, dövlətimiz öz vətəndaşının nə ölüsünü, nə də dirisini darda qoymayacaq".

Ölkə.az