Səsin canlı heykəli – Şəmistan Əlizamanlı

Səsin canlı heykəli – Şəmistan Əlizamanlı backend

4 fevral 1959-cu ildə qədim Oğuz eli Borçalı mahalının Qullar kəndində şaxtalı bir gündə Hüseyn kişinin evində oğlan uşağı dünyaya gəldi. Bütün dünyaya gələn körpələr kimi ilk andaca o da ağlayırdı. Amma bu bir başqa ağlamaq idi.

Körpənin adını Şəmistan qoydular. Qardaşı Əmiraslan ondan iki yaş böyük olsa da, onunla birinci sinifə bərabər getdilər.

Uşaqlıqda dəcəl olub. Bir az da nədənsə atası Hüseyn kişi hər dəcəlliyini bağışlayır onu “A dədəm” deyə çağırardı.

İllər keçdi, Şəmistan orta məktəbi bitirib hərbi xidməti başa vurdu. Maraqlı və keşməkeşli həyat yolu keçdi. M.A.Əliyev adına Azərbaycan Dövlət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində diktor işlədi.

Məlum Qarabağ hadisələri onu da əzablı, əziyyətli yollara saldı. Canı - qanıyla millətimizin, Vətənimizin ağrı-acısını yaşadı. Cəbhə bölgələrimizdə, səngərlərdə əsgərlərlə tez-tez görüşürdü. Hərbi studiyanın əməkdaşları ilə birlikdə onların döyüş yollarından bəhs edən verilişlər hazırlayırdılar.

Əzəmətli və ərdəmli səsi ilə ağrı - acılarımızı, uğurlarımızı efirdən dünyaya çatdırdı. Məğlubiyyətimizə yandı-yaxıldı, uğurlarımıza sevindi. Möhtəşəm, özünəməxsus, əsrlərin o tayından gələn səsilə dahi Üzeyir bəyin, şair-bəstəkar Şahin Musa oğlunun, gənclərdən Çilənay və Aydanın vətənpərvərlik mahnılarının, əsgər marşlarının əvəzedilməz ifaçısı oldu. Bu yolda bir məktəb yaratdı. Şəmistan Əlizamanlı məktəbi...
Xalqımızın sevimlisinə çevrildi. Professor Nizaməddin Şəmsizadə demiş: “Səsin canlı heykəlidir Şəmistan Əlizamanlı”.

Milli-mənəvi dəyərləri, insanlığı, ləyaqəti, saflığı, dostluğu, vətənpərvərliyi hər şeydən uca tutan əziz dostum, doğum günün mübarək. Tanrı səsini, özünü, Dövlətimizi və bəşəriyyət qorusun!

Azərbaycan Müharibəsi Veteranı, istefada olan zabit:
İsmayıl Həkimli (Padaroğlu)