5 illik fəaliyyət: ardıcıl tədbirlər, uğurlu nəticələr

5 illik fəaliyyət: ardıcıl tədbirlər, uğurlu nəticələr backend

“SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ ONA OLAN ETİMADI VƏ İCTİMAİ GÖZLƏNTİLƏRİ YÜKSƏK SƏVİYYƏDƏ DOĞRULDUB ” Azərbaycanda fəaliyyətilə xüsusi seçilən, ictimaiyyətin diqqət mərkəzində olan dövlət qurumları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müstəsna yeri var. Sözügedən sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanına əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlıq, eləcə də Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı ləğv edilərək onların əsasında sözügedən Dövlət Xidməti yaradılıb. Beləliklə, bu yaxınlarda adıçəkilən Xidmətin fəaliyyətinin bu yaxınlarda 5 ili tamam olacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkə vətəndaşlarının hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və digər sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Yarandığı dövrdən bu yana Səfərbərlik xidməti hərbi xidmətə çağırış və səfərbərlik işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində ciddi fəaliyyət aparıb, müasir dövrün innovativ tələblərinə uyğun olaraq hərbi xidmət çağırışçıları üçün elektron yeniliklərin tətbiqini həyata keçirib. Qurumun fəaliyyəti nəticəsində artıq əsgərlik yaşına çatan gənclər həm internet, həm də SMS vasitəsilə öncədən hansı hərbi hissədə qulluq edəcəklərini asanlıqla öyrənə bilirlər.

Bundan başqa Səfərbərlik xidməti gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların hərbi xidmətə hazırlığı istiqamətində də ciddi işlər görməkdədir. Bu məqsədlə snayper, desant, atıcı, sürücü, rabitəçi kursları təşkil olunaraq gənclərin hərbi xidmətə hazırlığı təşkil olunur. Habelə, 10-11-ci sinif şagirdləri ilə geniş iş aparılır, ayrıca bir fənn olaraq hərbi hazırlıq dərsləri keçirilir. Son dövrlər ehtiyatda olan zabitlər məktəblərdə hərbi hazırlıq fənnindən dərs demək üçün işə götürülür. Xüsusən, döyüş bölgələrində xidmət keçmiş ehtiyatda olan zabitlərə, müharibə veteranlarına üstünlük verilir. Çünki onlar peşəkar hərbçi olduqları üçün gənc nəslin yüksək səviyyədə hazırlıq işinə daha çox fayda verirlər.

Həmçinin, 2015-ci ildən başlayaraq respublikanın bütün rayon və şəhərlərində “Vətənin müdafiəsinə hazıram” adlı silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə müharibə veteranları və əlilləri, şəhid ailələri, orta məktəb müəllimləri, əlaçı şagirdlər mükafatlandırılır, vətənpərvərlik ruhunda çıxışlar edilir. Eyni zamanda, orta məktəb şagirdləri tez-tez hərbi hissə və akademiyalara aparılıb praktiki olaraq hərbi xidmət ilə tanış edilir, zabitlik peşəsinə istiqamətləndirilirlər.

Əsgərlərin hərbi xidmətə yolasalma və qarşılama mərasimləri artıq bayram əhval-ruhiyyəsində keçirilir. Eyni zamanda, cəbhə xəttində atəşkəsin pozulması nəticəsində şəhid olmuş hərbçilərimizin dəfn mərasimlərinin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyi ilə birgə iştirak edir, şəhid ailələrinə daim dəstək olur.

Dövlət Xidməti səfərbərlik işinə xüsusi diqqət yetirir. Keçən il bir neçə dəfə təşkil olunan irimiqyaslı hərbi təlimlərdə 10 mindən artıq hərbi qulluqçunun iştirak etməsi bir daha onu göstərir ki, Səfərbərlik xidməti qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirir. Operativ şəkildə ehtiyatda olan hərbi qulluqçular təyin olunan hərbi hissələrə gətirilir ki, bu da hərbi təlimlərin yüksək səviyyədə həyata keçirilməsində müstəsana rol oynayır. Bu, həm Azərbaycan gəncliyində vətənpərvərlik ruhunun yüksəkliyindən, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının peşəkarlığından xəbər verir.

Dövlət qurumunun bu illər ərzindəki fəaliyyətini yüksək qiymətləndirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə hesab edir ki, səfərbərlik xidməti bu illər ərzində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib: “Bu qurum yaranmamışdan əvvəl hərbi komissarlıqlar mövcud idi. Hərbi xidmət çağırışı və səfərbərliklə bağlı sturkturun müstəqil olmaması onun fəaliyyətində operativliyə mane olurdu. Ona görə də, müvafiq sahə üzrə müstəqil strukturun yaradılması zərurəti ortaya çıxmışdı. Nəticədə, Prezident İlham Əliyevin fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Bu qurum fəaliyyət göstəridiyi 5 il ərzində cəmiyyətdə öz vəzifəsinə böyük məsuliyyətlə yanaşan təsisat kimi tanına bilib. Yeni tələblər səviyyəsində kollektivin formalaşdırılması, Silahlı Qüvvələrlə sıx təmasda qanunvericiliyə uyğun fəaliyyətin aparılması dövlət xidmətinin ölkə rəhbərliyi qarşısında qarşısına qoyulan öhtəlikləri tam olaraq yerinə yetirdiyini deməyə əsas verir”.

Qurumun fəaliyyəti nəticəsində orduda xidmət keçməkdən yayınma hallarının böyük ölçüdə qarşısının alındığını deyən deputat bildirib ki, hazırda bu problem minimum səviyyədədir: “Səfərbərlik xidməti hərbi xidmət çağırışçılarının vaxtı-vaxtında qeydiyyata alınması, onların Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növləri üzrə təyin olunduqları hərbi hissələrə çatdırılması işini operativ şəkildə yerinə yetirir”.

A.Mirzəzadənin sözlərinə görə, ölkənin bütün şəhər və rayonlarında çağırışçılarla aparılan söhbətlər, gənclərin mütəmadi olaraq müxtəlif hərbi hissələrə səfərlərinin təşkil olunması, hərbi xidmətə yolasalma zamanı mərasimlərin təşkili, bayram əhval-ruhiyyəsində keçirilən tədbirlərdə müharibə veteranları, tanınmış ictimai xadimlərin iştirakı ilə gənclərin vətənə hərbi xidmət borcunu yerinə yetirməyə yola salınması artıq ənənə halını alıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Nəsirov isə bildirib ki, ölkəmizin taleyində ən mühüm sahələrdən biri də müdafiə sahəsidir: “Dövlətimizin hərbi qüdrətinin gücləndirilməsi, güclü ordunun yaradılması bizim əsas strateji xəttimizdir. Dövlət başçısı İlham Əliyev dəfələrlə bildirib ki, bu istiqamətdə bizim çox böyük nailiyyətlərimiz var. Bunun nəticəsidir ki, hazırda Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır. Xüsusilə də aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bu dövrlər ərzində böyük inkişaf yolu keçib”.

Hər bir uğurun təməlində bir sıra amillərin dayandığını deyən deputat vurğulayıb ki, Silahlı Qüvvələrimizin əldə etdiyi zəfərlərin başlanğıcında səfərbərliyin düzgün təşkili dayanır: “Bu gün Azərbaycan ordusunda sağlam, gümrah, vətənpərvər, döyüş ruhu yüksək olan əsgər və zabitlərimiz xidmət edir. Bütün bunların təşkilində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi rolu var. Ona görə də, əldə olunan inkişafdan danışarkən biz hərbi hazırlıq, səfərbərlik işinin necə və kimlər tərəfindən təşkil olunmasını yaddan çıxarmamalıyıq”.

Azərbaycanda səfərbərlik və hərbi xidmətə hazırlıq işinin yüksək səviyyədə qurulduğunu deyən E.Nəsirov hesab edir ki, bu mənada, sovet dövründən qalma Hərbi Komissarlıq sisteminin ləvğ edilərək müstəqil qurum kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması müsbət addım kimi xarakterizə olunmalıdır: “General-leytenant Arzu Rəhimovun rəhbərliyi altında fəaliyyət göstərən Dövlət Xidməti bu sahədə mövcud olan bütün neqativ halları aradan qaldıraraq struktur daxilində şəffaflığı təmin edib. Bu gün hərbi hazırlıq və səfərbərlik işinin təşkili sahəsində tamamilə fərqli dövlət siyasəti aparılır. Bu siyasət prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir”.

Dövlət xidmətinin fəaliyyət göstərdiyi 5 il ərzində bu sahədə ciddi dönüşə nail olunduğunu deyən deputat qeyd edib ki, bu, qurum daxilində kadr siyasətinin düzgün aparıldığından, peşəkarlardan ibarət kollektivin formalaşdırıldığından xəbər verir.

Ceyhun ABASOV