Akif Çovdarov 300 minə görə sahibkarı necə xəstəxanalıq etdi? - MƏHKƏMƏDƏN

Akif Çovdarov 300 minə görə sahibkarı necə xəstəxanalıq etdi? - MƏHKƏMƏDƏN backend

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında Akif Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Prosesdə zərərçəkən şəxs qismində Mübariz Məmmədovun epizodu üzrə dinləmələr olub.

Prosesdə Mübariz Məmmədov ifadə verib.

İstintaqda ifadə verən sahibkar Mübariz Məmmədov bildirib ki, Badamdar qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini satarkən Akif Çovdarov onun müştərisi olur və adamı Rafiq Tağıyevin vasitəsilə həmin ərazini 600 min dollara almağa razılaşırlar. Bunun üçün də 300 min dollar beh verilir. Lakin sonradan bəlli olur ki, torpağın iki sahibi var imiş, biri Mübariz Məmmədov, ikincisi isə Gənclər və İdman Nazirliyi. Çovdarov işin içində başqa bir dövlət qurumunun olduğunu bildikdən sonra M.Məmmədovu otağına gətirdərək döyüb, işgəncə verib. Bu yolla M.Məmmədovdan behini geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub. Bundan sonra Mübariz Məmmədov ürəyindən əməliyyat olunub. Ürəyinə stend qoyulub.

A.Çovdarov isə bildirib ki, torpağın müştərisi özü olmayıb: “Rafiq Tağıyev MTN-ə gəlib Mübariz Məmmədovdan şikayət etdi, aldadıldığını, 300 min dollar pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirdi. Biz də araşdırma apardıq, həmin ərazinin nazirliklərdən birinə aid olduğu üzə çıxdı. Məsələni həll etmək üçün Mübariz Məmmədovu idarəyə çağırdıq, orada onunla söhbət etdim. Döymədim, başa saldım ki, pulu qaytarsın. Sonra da torpağın taleyinin necə olduğundan, pulun qaytarılıb-qaytarılmadığından xəbərim olmadı”.

Vəkil Sadiq Rəsulov bildirib ki, Mübariz Məmmədovun istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyini ifadə arasında ziddiyyət olub.

Zərərçəkmiş məhkəmədə bildirib ki, onu döyən zaman otaqda tək Çovdarov olub. Yalnız istintaqda onun döyülməsində Çovdarovla yanaşı Səlim Məmmədov və digər 3 MTN əməkdaşı olduğunu deyib.

Sadiq Rəsulov onu da qeyd edib ki, zərərçəkən şəxs Çovdarovla üzləşmədən də imtina edib.

Bundan sonra prosesdə zərərçəkmiş Mübariz Məmmədovun epizodu üzrə həkimlər şahid qismində ifadə veriblər. Onlar M. Məmmədovun əməliyyat olunduğunu, ürəyinə stend qoyulduğunu təsdiq ediblər. Həkimlər bildiriblər ki, onlarda M. Məmmədovun döyülməsi barədə məlumat olmayıb.

Vəkil Sadiq Rəsulov bildirib ki, A. Çovdarovun səhhətində problemlər var və buna görə tez-tez iclasda fasilələr yaranır. Çovdarov tez-tez zaldan çıxır.

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.