Azərbaycan jurnalistlərinin böyük müəllimi, bütün həyatını sözə və mətbuata həsr etmiş professor Cahangir Məmmədlinin ad günüdür. Onun 75 yaşı tamam olur. Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.
1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.Uzun illər Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışıb. Hazırda BDU Jurnalistika fakültəsinin dekani vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professordur.
İndiyədək 1000 - dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir.
2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub. Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür.
2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir.
C.Məmmədli 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub.
O, bütün həyatını Azərbaycan jurnalistikasına və mətbu sözə həsr etmiş dəyərli ziyalımızdır. Bu cür insanların özləri bir milli dəyərdir.
QAZİLER.AZ saytının kollektivi bu münasibətlə hörmətli Cahangir müəllimi ürəkdən təbrik edir. Ona uzun və sağlıqlı ömür, yaradıcılıq fəaliyyətində daha yüksək uğurlar arzu edir.