Əlaqələr genişlənir

Əlaqələr genişlənir backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, ƏƏSMN-də İranın kooperasiya, əmək və sosial rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan İran İslam Respublikasının (İİR) kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, bu ölkənin İslami Şura Məclisinin üzvləri, millət vəkilləri Salar Muradi, Əli Mərdani və başqaları da iştirak edib.

Azərbaycanla İran arasında əlaqələrin daim gücləndiyini diqqətə çatdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, beynəlxalq tədbirlər çərçivəsində keçirdikləri görüşlərin, müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanan sənədlərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə əldə olunan nailiyyətləri diqqətə çatdıran S.Müslümov respublikada dinamik iqtisadi artımın sosial rifah göstəricilərinin də yüksəlməsi ilə müşahidə olunduğunu bildirib: “Son on ildə 3,4 dəfə iqtisadi artıma, o cümlədən qeyri-neft sektorunda 2,6 dəfə artıma nail olan, əhalinin gəlirlərinin 6,5 dəfə çoxaldığı Azərbaycanda inkişaf dinamikası bu il də uğurla davam edib. Cari ilin ilk rübündə ölkədə iqtisadi artım 5,3 faiz çox, o cümlədən qeyri-neft sektorunda 7 faiz təşkil edib. Əhalinin gəlirləri 2,8 faizlik inflyasiyanı təxminən iki dəfə üstələyərək 5,3 faiz artıb. Son on ildə 1 milyon 360 min yeni iş yeri, təkcə bu ilin ilk rübündə isə 30 minə yaxın yeni iş yeri açılıb. Bu gün Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə, işsizlik isə 4,9 faizə enib”.

S.Müslümov milli əmək və sosial müdafiə sistemində aparılan islahatlar, əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin qurulması, sosial təminat növləri və tibbi-sosial ekspertiza üzrə xidmətin avtomatlaşdırılması, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: “Nazirlik bütün bu işlərdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. Hesab edirik ki, müvafiq fəaliyyət sahələrində İranla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təcrübə və məlumat mübadilələri hər iki tərəf üçün önəmlidir və bununla əlaqədar ƏƏSMN tərəfindən bütün səylər göstəriləcəkdir”.

Ə.Rəbii İran-Azərbaycan münasibətlərinin inkişafının ikitərəfli əlaqələrin genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb. O, əlilliyin olan şəxslərin reabilitasiyası, onların bərpa-müalicəsi, kimsəsiz şəxslərin sosial rifahının dəstəklənməsi, sosial xidmətlər, əmək bazarı siyasətinin inkişaf etdirilməsi və digər sahələrdə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini bildirib. Ə.Rəbii həmçinin işsiz şəxslərin əmək bazarına çıxışını asanlaşdırmaq üçün proqramların hazırlanması, peşə reabilitasiyası, məzunların əmək bazarına inteqrasiyası, əməyin mühafizəsi, işəgötürənlər və işçilər arasında mübahisələrin həlli və s. sahələrdə də əməkdaşlıq üçün imkanların mövcud olduğunu qeyd edib. Görüşdə təklif olunan istiqamətlər üzrə qarşılıqlı maraq doğuran məlumatlar verilərək bu sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadilələri aparılıb.
Diaspora