Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlunun atası Rəhim Mirzəyev öz vəsiyyəti üzrə Füzuli rayonunun doğma Aşağı Əbdürrəhmanlı kənd qəbristanlığında dəfn edilib. Dəfn iştirakçıları düşmənlə təmas xəttində olan ərazidə mərhumun doğma torpağa qovuşmaq arzusunu ləyaqətlə yerinə yetiriblər.
Düşmən nəzarətində olan yurd yerində dəfn olunmaq arzusunun övladları və yaxınları üçün nə qədər riskli olduğunu bilsə də 87 yaşlı Rəhim əminin torpaq nisgili son nəfəsində də sönməyib. “Məni doğma kəndimiz Aşağı Əbdürrəhmanlının qəbristanlığında dəfn edərsiniz!..”Bu yaxınlarda yas mərasimi keçirilən Rəhim əminin başımızın üstündəki şəkli məni xeyli uzaqlara apardı.
80-ci illərin əvvəllərində gənc şair və yazıçılar Bakıda Vaqif İbrahimin rəhbərlik elədiyi poeziya dərnəyinə yığılardı. Əli Kərimin gənclik dostu olmuş şair Vaqif İbrahim xasiyətcə çox mülayim, mehriban bir insan idi. Həmin dərnəyə mən də yenicə ayaq basırdım. Nədənsə, indi çox az xatırlanan Vaqif müəllim Sumqayıtda yaşadığından marşrut avtobusla gedib-gələsi olurdu. Onda dərnək üzvü olan gənc şair Umud Rəhimoğlu da Sumqayıtda yaşayırdı.
Bir gün Bakıya sürətlə qara xəbər yayıldı: “Bakı-Sumqayıt marşrut avtobusu qəzaya uğrayıb, ağır xəsarət alan şair Vaqif İbrahimi həyata qaytarmaq mümkün olmayıb”.
Sən demə, gənc şairlərdən Umud Rəhimoğlu və Aida Eyvazlı da həmin avtobusda imiş. Onlar xəsarət alsalar da xoşbəxtlikdən sağ qalmışdılar. Biz, bütün dərnək üzvləri xəstəxanaya yerləşdirilmiş şair dostlarımız Umud və Aidaya baş çəkməyə getdik.
Sonralar həmin hadisəni xatırlayanda Umud deyirdi, sən demə, mən avtobus qəzasına düşən zaman atam kənddə sürücüsü olduğu sovxoz maşınında camaata un daşıyır, iri kisələri evlərə qucağında düşürürmüş. Umudun inancına görə atası həmin vaxt kənddəki ailələrə bərəkət çatdırmaq kimi xeyirxah işlə məşğul olduğu üçün tale onunla qəddar davranmayıb, ölüm ondan yan keçib.
Burası ibrətamizdi: bir oğul arxasında xeyirxah atanın gücünü hiss etdiyinə görə həmişə arxayın yaşayıb. Adətən belə duyğuların magik enerjisi səmavi dinlərin ötürdüyü mesajlardan qat-qat saf və güclü olur.
Sonradan tale elə gətirdi ki, biz Umudla Moskvada eyni institutda təhsil aldıq, tələbə yataqxanasında iki il bir otaqda yaşadıq. Ona görə vətənə tətilə birlikdə gəlib, sessiya vaxtı Moskvaya birgə qayıtdığımız vaxtlar da olub.
Bir dəfə mən dərslərin başlanmasına az qalmış, sentyabr qabağı Moskvaya getmək üçün kəndimizdən Bakıya gəldim. Əvvəlcədən vədələşdiyimizə görə Bakıda Umudla görüşməli, qatara bilet alıb Moskvaya birgə getməli idik. Onunla Bakıda görüşəndə mənə dedi, istəyirəm gedək Füzuliyə, bizim kəndə, mənim doğmalarımla da görüşək, sonra Moskvaya gedək.
Umudun ata evi Aşağı Əbdürrəhmanlı kəndində geniş taxıl tarlasının yaxınlığında yerləşirdi. Arazboyu o tayda səpələnmiş Cənublu soydaşlarımızın evlərinə həsrətlə baxa-baxa dostumun yaşadığı kəndə tərəf irəliləyirdik...
Umudun atası, anası, qardaşları bizi sevincək, mehriban qarşıladılar. Planımız belə idi, bir gecə Umudgildə qalırıq, sabah tezdən isə Horadizə, ordan da Bakıya yola düşürük.
Sabahısı gün səhər yeməyindən sonra ailə üzvləri ilə görüşüb yola düşmə ərəfəsində Rəhim əmi Umudla məni aşağıda bir otağa çağırdı. Bizə getdiyimiz yolda, institutda uğurlar arzuladıqdan sonra, cibindən çıxarıb hər ikimizə dəftər vərəqinə bükülmüş tələbəpulu uzatdı. Umud öz payına düşən bükülünü götürdü. Mən gözləmədiyim bu jestdən utanıb minnətdarlıq hissi ilə etiraz elədim. Dedim, çox sağolun, Rəhim əmi, mən də atamın yanından gəlirəm, tələbəpulumu veriblər. Rəhim əmi gülüb dedi, bala, o ayrıdı, bu ayrı. Bu arada Umud da söhbətimizə qarışdı, dedi, götürməsən, atam səndən inciyəcək. Çarəsiz qalıb razılığımı bildirəndə kişi bükülünü özü mənim cibimə qoydu. Sonra hər ikimizi bağrına basıb bizi uzaq Moskvaya yola saldı.
Biz Umudla Bakıya gəlib əvvəlcədən biletini aldığımız Bakı-Moskva qatarına mindik. Bir neçə saat yol getdikdən sonra Umuda dedim, bax gör, atan sənə nə qədər pul verib. Umud bükülünü açıb pulu göstərdi. Mən cibimdəki bükülünü açıb sayanda gördük, məndə də eynilə o qədərdi. Umud mənim heyrətimə gülüb dedi, görürsən, atam bizi fərqləndirməyib, səni də öz oğlu kimi qəbul eləyib.
Rəhim əminin, o böyük qəlb sahibinin bu hərəkəti məni hələ də öz təsirindən buraxmır...
Bax belə bir xatirə.
Həmin gün yas mərasimində Rəhim əminin şəklinə baxıb düşünürdüm, görəsən, dünyamıza belə adamları əvəzləyə biləcək yeni insanlar doğulurmu?..