Qarabağ müharibəsi veteranı, deputat jurnalistin müdafiəsinə qalxdı

Qarabağ müharibəsi veteranı, deputat jurnalistin müdafiəsinə qalxdı backend

Milli Məclisinin Yeni Azərbaycan Partiyasından (YAP) seçilən deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov Rusiyanın xarici işlər naziri Sergey Lavrova sual verdiyi üçün işdən çıxarıldığı deyilən “Lider TV”-nin Rusiyadakı müxbiri Anar Həsənovun müdafiəsinə qalxıb

E.Məmmədov Ölkə.Az-a açıqlamasında bildirib ki, jurnalistin Sergey Lavrova sual verməsi qəbahət deyil:

“Burada jurnalist yazıq nə qəbahət iş görüb? Jurnalist sual verərək, öz işini görüb də! Sual vermək jurnalistin peşə borcudur, işidir. Burada jurnalist kimisə təhqir etməyib, söyməyib. Ancaq sual verib. Düşünürəm ki, sual verməyə görə də kimisə cəzalandırmaq doğru addım deyil”.

YAP-çı deputat həmçinin deyib ki, Sergey Lavrov bu fikirləri ilə ölkəsinin imperiya siyasətini nümayiş etdirib:

“Yəni, Lavrov demək istəyir ki, Cənubi Qafqaza nəzarət bizim əlimizdədir, Qarabağı da ermənilərə biz vermişik. Onun üçün də Qarabağın taleyinin necə həll olunacağını yalnız biz bilərik. Ümumiyyətlə, Rusiyanın mövqeyi təkcə Cənubi Qafqazda belə deyil, Suriyada, Moldovada, Ukraynada da eynidir. Rusiya rəsmisi açıq şəkildə deyir ki, bu regionda bizim razılığımız olmadan heç bir ölkə nə isə edə bilməz. Sergey Lavrovun da dediyi məhz budur. Onun fikrincə, regionun bütün dövlətləri Rusiya ilə mütləq hesablaşmalıdır. Bu gün Rusiya dövlətinin xarici siyasətinin əsas xəttini də məhz bu təşkil edir”.