DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ DƏRƏBƏYLİK VƏ YA BURADA YENİ ÇOVDAROVLAR YETİŞİR?

DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ DƏRƏBƏYLİK VƏ YA BURADA YENİ ÇOVDAROVLAR YETİŞİR? backend

Daxili İşlər Nazirliyində Hacı Məmmədov və onun quldur dəstəsi ifşa olunanda elə bildik ki, daha başqa strukturlarımızda belə hal təkrarlanmayacaq, amma çi fayda...

Ötən il Milli Təhlükəsizlik Nazirliyinin şefi Eldar Mahmudov qarışıq bu qurumda özünə yuva qurmuş cinayətkar bir dəstənin quldurluqla məşğul olduğu aşkarlandı. Və haqlı olaraq dövlət başçısı iki naziri işdən azad etməklə, bir neçə general, o cümlədən xeyli vəzifəli şəxs həbs edildi. Hazırda onların məhkəməsi gedir. Yenə də düşünürük ki, daha digər güc strukturlarında belə hallar baş verməz. Amma, ancaq və lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında qarşılaşdığımız hal bizdə müəyyən şübhələr yaratmağa başlayıb.

“HƏTTA BU VƏTƏNDAŞIN ƏMLAK HÜQUQUNA DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN GENERALLARI SƏVİYYƏSİNDƏ TÜPÜRÜLMƏSİDİR!”

Nədən? Çünki həm Hacı Məmmədovun, həm də Eldar Mahmudovun quldura çevrilməsinin ilk anları onların işlədikləri strukturlarda bütün problemlər kiçik qanun pozuntularından başlayıb. Və cəzasızlıq mühiti onların inkişafına şərait yaradıb. Necə ki, biz bunun başqa bir nümunəsini Sərhəd qoşunlarında görürük. Özü də bu qanun pozuntusu xırda və ya adi bir hal deyil! Konkret vətəndaşın - özü də torpaqlarımızın müdafiəsi zamanı hər iki gözünü itirmiş Qarabağ əlilinin - əmlak hüququnun pozulmasıdır! Hətta mən deyərdim, vətəndaşın əmlak hüququna Dövlət Sərhəd Xidmətinin generalları səviyyəsində tüpürülməkdir! Bəli, bəli! Məsələ hazırda məhz belədir! Amma belə olmamalıdır!

“Bu gün Azərbaycan vətəndaşları fəxr edirlər ki, Azərbaycan dövlətində yaşayırlar. Bu dövlətin vətəndaşlarıdırlar. Çünki Azərbaycan müstəqil siyasət aparır. Bu siyasətin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Xalqın maraqları hər şeydən üstündür. Biz bu siyasəti bütün istiqamətlər üzrə davam etdirəcəyik”. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2014-cü ildə Ağdam rayonuna səfəri zamanı çıxışındandır.

Baxmayaraq ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik cənab Elçin Quliyev daha çox çalışqan, ədaləti idarəetmə üsuluna diqqət yetirən, Sərhəd Qoşunlarının zabit və əsgərlərinə xüsusi qayğı göstərən şəxs kimi tanınıb, amma bu dövlət strukturunda vətəndaşa, yuxarı da qeyd etdiyim kimi, torpaqlarımızın müdafiəsi zamanı hər iki gözünü itirmiş Qarabağ əlilinə qarşı qanunsuzluq faktını deməyə bilmərik.

Məsələnin məğzi bundan ibarətdir: “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri, “Qarabağ qaziləri” birliyinin sədr müavini, 1-ci qrup Qarabağ Əlili Məmmədov Firudin Qusar rayonunun Ləzə kəndində ona məxsus olan torpaq sahəsinə buraxılmır. Onu buraxmayan da Dövlət Sərhəd Xidmətinin Qusar rayonun Ləzə kəndində yerləşən Sərhəd Qoşunları zastavasının zabit və əsgərləridir. Səbəb – torpaq sahəsi sərhəd zastavasının zolağında olduğuna görə, buraxılış sənədi olmalıdır! Tamam, hər şey başa düşüləndir. Bu xüsusi buraxılışı almaq üçün də Firudin Məmmədov Xudat şəhərində yerləşən Sərhəd Qoşunlarının hərbi hissəsinə müraciət edib. Həmin hərbi hissənin rəis müavini polkovnik-leytenant Nəsimi Bayramov bildirib ki, bunun üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanlığına müraciət edilməlidir.



Bu arada xüsusi ilə qeyd edək ki, F.Məmmədova qədər zastavanın zolağında torpağı olan, orada iş görən hər kəsi normal şəkildə buraxırlar. Bu hal bu gün də davam edir. Və onlara heç də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinə - Sərhəd Qoşunlarının Komandanlığına müraciət etməyi tövsiyə olunmayıb. Elə yerindəcə araşdırılıb və buraxılışları verilib. Özünə qarşı qərəzin olduğunu görən F.Məmmədov onun hüquqlarının qorunması üçün bir neçə təşkilata müraciət edib. Onun müraciətinə əsasən də, “Qarabağ Qaziləri” birliyinin sədri Etimad Əsədov, “Azərbaycanın Milli Qəhrəmanı Asif ( FRED) Məhərrəmov adına İnkişaf fondunun” rəhbəri Ədalət Məhərrəmov və QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu 11 noyabr, 2016-cı ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik cənab Elçin Quliyevə onları qəbul etməsi üçün müraciət ediblər.

Müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli Elçin müəllim!
Nəzərinizə çatdırırıq ki, bir neçə nəfər Qarabağ müharibəsi əlili təsərrüfat yaratmaq məqsədi ilə Qusar rayonun Ləzə kənd sakinindən ona məxsus 3.49 ha sahəsi olan pay torpağının etibarnamə əsasında almışlar. Lakin 29.10.2016-cı il tarixində alınmış torpaq sahəsinin cizgilərini dəqiqləşdirmək məqsədilə Dövlət Əmlak Komitəsinin mütəxəssisinin iştirakı ilə pay torpağının ərazisinə gedərkən Qusar rayonun Ləzə kəndində yerləşən Sərhəd Qoşunları zastavasının əsgərləri tərəfindən xüsusi buraxılış tələb olunmuşdur. Xüsusi buraxılış alınması məqsədi ilə Xudat şəhərində yerləşən Sərhəd Qoşunlarının hərbi hissəsinə müraciət edən əlilləri hərbi hissənin rəis müavini polkovnik-leytenant Nəsimi Bayramov qəbul etmişdir. Qəbul zamanı tərəflər arasında səmimi və ətraflı söhbət aparılmasına baxmayaraq, təəssüflər olsun ki, qeyri-müəyyən səbəbdən müharibə əlillərinə buraxılış verilməmişdir. Əvəzində onlara Sizə müraciət etmələri tövsiyə olunmuşdur.

Cənab General-polkovnik!

Xahiş edirik, bizi ictimai birlik rəhbərləri olaraq şəxsən qəbul edib məsələyə aydınlıq gətirilməsi üçün şərait yaradasınız. Hesab edirik ki, qanuni hüquqlarından istifadə etmək istəyən bir qrup müharibə əlillərinin haqlarının tapdalanmasında Sərhəd Qoşunlarının imkanlarından istifadə olunmasına yol vermək Sizin prinsiplərinizə ziddir.
Xüsusi ilə qeyd etmək istəyirik ki, vəziyyətin qeyri-müəyyən qalacağı təqdirdə pay torpağına getməsi əngəllənən müharibə əlilləri çıxılmaz vəziyyətdə qalacaqdır. Odur ki, bir daha xahiş edirik bizimlə görüş vaxtını tezləşdirəsiniz.
Əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

Qoşma: torpağa aid qanuni sənədlər-cəmi 5 (beş) vərəq”


Çox təəssüf ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçın Quliyevə ünvanlanmış müraciətə 1 aydan artıq vaxt keçsə də cavab gəlmədi. Müraciəti göndərən təşkilat rəhbərləri məcbur olub 23 dekabr 2016-cı ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevin Bakıda planlaşdırılan rəsmi qəbuluna gediblər. Amma qəbulu general-polkovnik Elçin Quliyev yox, onun müavini general mayor Azad Ələkbərov həyata keçirib. F.Məmmədov və müraciəti ünvanlayan təşkilat rəhbərləri A.Ələkbərovla görüşdə problemin mahiyyətini bir daha ona deyiblər. O isə bildirib ki, bu elə bir ciddi problem deyil, siz gedin Xaçmaz rayon icra hakimiyyətinə müraciət edin, onlar da Sərhəd Qoşunlarının müvafiq strukturlarına məlumat verəcəklər. Sərhəd Qoşunlarının müvafiq strukturları da müraciəti araşdıracaq, bundan sonra, qanunla qadağan edilməyən hallar yoxdursa, buraxılışlar veriləcək. Cənab Azad Ələkbərov onun yanında əyləşən general mayoru göstərək “Bu Azərbaycanın bir nömrəli hüquqşünasıdır, narahat olmayın, hər şey qaydasında olacaq! Məktubunuza da rəsmi cavab veriləcək. Orada qeyd olunacaq. Siz Qusar rayonun İcra Hakimiyyətinə müraciət edin”...Bax belə!

“AZƏRBAYCANIN BIR NÖMRƏLİ “HÜQUQŞÜNASI” SAVADSIZ CAVABI”





27 dekabr, 2016-cı ildə (Sərhəd xidmətinə müraciətin üstündən ay yarım keçəndən sonra - red) Dövlət Sərhəd Xidmətinin şöbə rəisi Şamil Naibovun imzası ilə təşkilatlara cavab məktubunu gedib xidmətdən götürdük. Məktubu oxuyanda gözlərimizə inanmadıq.

“Hörmətli Ehtimad müəllim!
Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciətə müvafiq qaydada baxılmışdır. Sizə sərhəd zolağında pay torpağının ayrılması və bu torpaqdan istifadə olunması qaydaları Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid deyil”...


Bu yerdə “Ay bərəkallah!” deməkdən özümüzü saxlaya bilmədik! Əziz oxucu, açığı, biz bir şey anlamadıq, yəqin ki, siz də bir şey anlamayacaqsınız! Bizim istədiyimiz nə idi, bunların verdiyi cavab nə oldu? Heç dəxli varmı?

Öz-özümüzə fikirləşdik ki, cənab Azad Ələkbərovun təbirincə desək “Azərbaycanın bir nömrəli hüquqşünası” belə savadsız cavab yazdırıbsa, indi görün onların ortabab hüquqşünasları nə gündədir?! Əlqərəz!

Heç üç təşkilat rəhbərinin müraciətinə yalnız bir nəfərə - “Qarabağ Qaziləri” birliyinin sədri Etimad Əsədova cavab verilməsi də başa düşülən deyil.

Bu məktubdan sonra QAZİLER.AZ saytın baş redaktoru Rey Kərimoğlu Azad Ələkbərovla telefonla əlaqə saxlayıb. O isə bildirib ki: “Bu düzgün cavab deyil. Siz Qusar rayonu İcra Hakimiyyətinə müraciət edin. Cavab ora gedəcək!” Çox maraqlıdır, müraciət edənə belə anormal cavab, aidiyyətli orqana digər cavab gedə bilərmi? Müraciət edən təşkilat rəhbərləri, hər ehtimala qarşı, Qusar rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Onlara belə məktub daxil olmadığını deyiblər.

İLHAM ƏLİYEV: “VƏTƏNİ MÜDAFİƏ ETMİŞ, ƏLİL OLMUŞ, YAXINLARINI İTİRMİŞ İNSANLARA XÜSUSİ DİQQƏT GÖSTƏRİLMƏLİDİR. BU, DÖVLƏT SİYASƏTİDİR, MƏNİM TƏLƏBİMDİR!”

Düşünürük ki, Dövlət Sərhəd Xidmətinin Qusar zastavasında bu problem qəsdən yaradılıb. Görünür onların hansısa şəxsi və maddi maraqları var, yoxsa ilin - günün bu vaxtı belə bir qanunsuzluğu niyə etsinlər?

Buyurun, bu da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2014-cü ildə Ağdam rayonuna səfəri zamanı etdiyi məlum çıxışındandır:
“Veteranların işlə təmin edilməsində, onların sosial problemlərinin həllində ədalətsizlik qəti qadağandır. Ümumiyyətlə, ədalətsizliyə qarşı biz mübarizə aparırıq. O cümlədən qan tökmüş, Vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu, dövlət siyasətidir, mənim tələbimdir. Hər şey ədalətli olmalıdır. Ədalət pozulanda, problemlər yaranır”.

Azərbaycan Respublikasının Prezidentinin, Ali Baş Komandanın bizə - həm Azərbaycan vətəndaşı olaraq, həm də qan töküb yaralanaraq əlil olmuş insanlara belə münasibət göstərir!

Cənab generallar! Cənab Prezidentin dediyi bu sözlərin sizə aidiyyəti varmı?
Cənab generallar! Bu humanist siyasətə, mərhəmətli siyasətə, alicənab siyasətə sizin münasibətiniz necədir?

Nədən siz bizə qarşı belə ögey münasibət bəsləyirsiniz? Nədən siz ölkə prezidentinin göstəriş və tapşırıqlarının ziddinə gedirsiniz? Bütün bunlara aydınıq gətirə bilərsinizmi, cənab generallar?!

P.S. Ümid edirik ki, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi bu məsələni cənab general – polkovnik Elçin Quliyevin diqqətinə çatdıracaq və kimlərinsə, hansısa maraqları naminə yaradılmış süni problem həll ediləcək. Eyni zamanda bizim suallarımıza cavab veriləcək!

Xüsusi qeyd: Bizdə olan məlumatlara görə, həmin torpaq sahəsində imkanlı adamların birinin gözü var. Amma oranı əldə edə bilməyib. Və o da Dövlət Sərhəd Xidmətinin rəhbərliyindəki generalların birinin əli ilə Qarabağ əlillərinin əraziyə buraxılmasına mane olur.

Mövzunu diqqətdə saxlayacağıq.

QAZİLER.AZ
Diaspora