O gecə qərənfil də şəhid oldu...

O gecə qərənfil də şəhid oldu... backend

Mən o gecənin - məşum 20 yanvarın şəhidi yox, şahidi ola bildim. Həmin gün çox sayda şəhid verdik. O şəhidlərin arasında qərənfil də vardı. O gündən gülün də şəhid olduğunun şahidi oldum. Kimsə əvvəllər bunu mənə desəydi yəqin ki inanmazdım...

Bu yazını jurnalist kimi yox, o günün şahidi kimi yazıram. O gecənin siyasi tərəflərindən çox yazılıb. Cəllad Qorbaçovdan, Yazovdan, başqalarından çox deyilib. Dünya etiraz edibmi buna? Nə dəyişib? Bu günə qədər xalqımıza qarşı ədalətsizlik davam edir. Torpaqlarımız işğal altında ola-ola, saysız-hesabsız şəhid verməyimizə baxmayaraq “böyük qonşu“muz bunu bizim daxili işimiz hesab etmədiyini açıqca bəyan edir. Bizsə ona heç nə deyə bilmirik. Susmağa məcbur edilirik.

...Həmin gecə insanlar onları məhv etməkçün göndərilən XI Qızıl Ordunun qarşısına əliyalın çıxdı. Çünki ordunun dinc əhaliyə qarşı silah işlətməyəcəyinə əmin idi. Bu əminliksə özünü doğrultmadı. Ordu nəinki xalqa silah çəkdi, hətta onu tankların altında əzdi. Əzdi, çünki azad olmaq istəyirdi xalq. Azadlıqsa verilmir, alınır. Qanla, canla alınır. O gün şəhidlər o azadlığı aldılar. Həyatları bahasına. Cəllad sovet imperiyası gethagetdə Bakıda qətliam törətsə də xalqın yenilməz ruhunu qıra bilmədi. Buna gücü çatmadı. Həmin gecə Azərbaycan xalqı tarixinin ən şanlı, şərəfli, qürurverici səhifəsini yazdı. O gecə azadlığa gedən başlanğıc oldu. Gecə qaranlıq olsa da bu, xalqın işığı idi. AZADLIĞA SEVĞİ İŞIĞI!

...Bizim evimiz hərbi hospitalın yanında olduğuna görə o gecənin dəhşətlərini gözümüzlə gördük. Gecəylə tanklar küçələrin girəcəyinə yerləşdirildi. Şəhərin müxtəlif hissələrindən dəhşətli xəbərlər gəlirdi. İndiki “20 yanvar“ metrosunun (o vaxt “XI Qızıl Ordu“ - red.) həndəvəri, “Salyan kazarması“nın yanı, “Şamaxinka“...İnsanlar, o çümlədən uşaqlar, qocalar qətlə yetirilirdi. Metronun yanından gələnlər deyirdilər ki, ora qan gölünə dönüb. Evlərdə olan insanlar da atəşə tutulurdu. Küçəmizdə Zahir adında tələbə oğlan yaşayırdı. Həmin gecə anasına “tramvay yolu“na çıxıb qayıdacağını demişdi. Evləri ilə həmin yolun arası 20-30 addım olsa da Zahir bir daha evə qayıtmadı. Nə öldüsü, nə qaldısı bilindi. Deyirdilər ki, tankların altında öldürülən insanların cəsədi Xəzərə tökülmüşdü, yəqin ki, Zahir də onların arasında olub.

Həyətlərə çoxlu güllə gilizləri tökülmüşdü. Bizim evlərlə üzbəüz hərbçilərin yaşadığı doqquzmərtəbəli binanın damından evləri atəşə tuturdular. Küçələrin girəcəyində yerləşdirilən tanklar isə gözləmə mövqeyində idi. Hansı küçədən atəş səsi gəlsəydi tanklar evləri yerlə yeksan edəcəkdi. Həmin gecənin səhəri tankların yanında dayanan əsgərləri də gördük. Onlar 18-20 yaşlı uşaqlar deyildi, saqqallı, üz-gözündən nifrət yağan “yaşlı-başlı“ hərbçilər idi.

Xəstəxanalar yaralılarla dolu idi. Sovet ordusu yaralılara kömək etmək istəyən tibbi personala belə mane olurdu. Onların arasında da ölən, yaralanan var idi.

Bakı gözünü dəhşətlə açdı. Hər yer qana boyanmışdı. Küçələrdən meyitlər tələm-tələsik yığışdırılmışdı.

Xalq şəhərin mərkəzinə doğru gedirdi. Qorxmurdu. Şəhidlərin cənazəsi çiyinlərdə indiki Şəhidlər xiyabanına doğru irəliləyirdi. Başqa vaxt baha qiymətə satılan saysız-hesabsız qərənfil şəhidlərin məzarı üstünə, onların keçdiyi yollara düzülmüşdü. Bakı kəndlərində gül yetişdirməklə ailəsini dolandıranlar 40 gün Şəhidlər xiyabanına təmənnasız gül daşıdılar.

Həmin gün qərənfil də şəhid oldu. O gündən qərənfil hüzn rəmzi sayıldı. Bir vaxtlar sevgi rəmzi olan qərənfil şəhid qanına çevrildi. İnsanlar kimi güllərin də bir taleyi varmış. Qərənfilin taleyinə də şəhid gülü olmaq yazıldı. Bu da bir şərəfdi bəlkə, qərənfil! Şəhidlər ucalıqdadır, sən onların məzarı üstündə. Sən də o şərəfə şəriksən. O gün sən də ağlayırdın şəhidlərə. Görkəmindən, hüznündən sanki göz yaşı tökülürdü. Bu gün sənə heç kim sevgi gülü kimi baxa bilmir. Sevən oğlan görüşə gedəndə sevgilisinə qərənfil verə bilmir. Baxmayaraq ki, sən gözəllikdə digər çiçəklərdən geri qalmırsan. Göründüyü kimi, çiçəklərin də taleyi, qisməti, yazısı olurmuş. Bu da sənin qismətindir, qərənfil!

...O şənbə gecəsi hamı bir idi. O gün şəhidlər hər evin şəhidi idi. O gün bütün AZƏRBAYCAN AZADLIQ ŞƏHİDİ İDİ...

Arzu Səlim