Akif Çovdarovun məhkəməsində jurnalistlərin iştirakına icazə verilməyib - YENİLƏNİB

Akif Çovdarovun məhkəməsində jurnalistlərin iştirakına icazə verilməyib - YENİLƏNİB backend

Akif Çovdarov və digərlərinin məhkəməsində polis əməkdaşı olmuş zərərçəkmiş ifadə verib. Prosesdə keçmiş polis əməkdaşı olan zərərçəkmiş şəxs Neman Kərimov ifadə verib. O, Akif Çovdarovu gördüyünü deyib. Vəkillər isə onun istintaq zaçanı ifadəsinin elan edilməsini istəyiblər. Bildiriblər ki, N. Kərimov istintaq zamanı ifadəsində Akif Çovdarovu görmədiyini deyib.


Zərərçəkmiş şəxs qismində dindirilmiş Kərimov Neman Süleyman oğlu istintaq zamanı ifadəsində göstərib ki, 2009-cu ilin avqust-dekabr aylarında axşam saat 11-12 radələrində dayısı oğlu Mövsümov Elvin Zakir oğlu və 2 qız tanışı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən «Elit» otelinə gedib orada istirahət ediblər. Səhərisi gün saat 11-12 radələrində Elvinlə birlikdə qaldığı otelin qapısı döyülüb, qapını açan zaman isə bir neçə nəfər şəxs otağa daxil olub. Onlardan biri, hündür boylu, idmançı bədən quruluşlu olanı cibindən vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirib ona və dayısı oğlu Elvinə onlarla birlikdə nazirliyə getməli olduqlarını deyib. Həmin şəxsin adının Vüqar, soyadının isə Muxtarov olduğunu vəsiqədən oxuyub. Beləliklə onlar Milli Təhlükəsizlik Nazirliyinə nəzarət-buraxılış məntəqəsinin 2-ci mərtəbəsinə aparılıblar. Orada dəhlizdə təxminən 20 dəqiqə gözlədikdən sonra Səlim Məmmədov və Elçin Çıraqov oraya gəlib. Sonra onlar birlikdə pilləkənlərdən qalxdıqda dəhlizdə sol tərəfdə yerləşən birinci otağa daxil olublar. Elçin Çıraqovu və Səlim Məmmədovu görən kimi dərhal tanıyıb. Belə ki, Elçin Çıraqovla Nərimanov rayon Polis İdarəsində işləyərkən tanış olub. MTN-nin Nərimanov rayon idarəsi və Nərimanov RPİ-i eyni binada yerləşdiyi üçün Elçin Çıraqovla tez-tez qarşılaşıb görüşüb. Səlim Məmmədovla isə təxminən 2006-cı ildə Elçinin oğlunun ad günü mərasimində Nərimanov rayonunda yerləşən «Şəki» restoranında iştirak edərkən tanış olub. Səlim ona «Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz» deyib. Səlimdən bu sözün mənasını soruşub, lakin o gülərək «mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim» deyib. Bundan sonra, Səlim ona «barəndə Sevinc Məmmədovanın şikayət ərizəsi var, ondan 30.000 manat borc pul almısan, qaytarmamısan» deyib. Sevinc Məmmədova ABU-da təhsil alıb. Sevinc Məmmədovanı sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanıyıb. Sevinc Mirələkbər Seyidovun işlədiyi rayonda yaşayıb və onunla da münasibəti olub. Sevinci Mirələkbər Seyidovla Elşad Abdullayevin özü tanış edib. Elçin Çıraqovla Sevincin tanış olmalarına da şərait yaradıb. Bundan sonra Sevinc və Elçinlə dəfələrlə bir masada oturub əyləniblər. Elçin sonradan Sevinci həmkarı olan Səlim Məmmədovla tanış edib. Həqiqətən də Sevincdən borc olaraq 30.000 manat pul alıb. Həmin pulu Sevincdən nə səbəbə borc aldığını isə hazırda xatırlamır. 2009-cu ilin iyun-iyul aylarında sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidov onu otağına çağırıb. Həmin vaxt orada Sevinc Məmmədovanı görüb. Sevinc onun barəsində şifahi şikayət edib. Mirələkbər Seyidov isə öz otağında onun yanında Sevincə 10.000 manat pul verib ki, ondan şikayət etməsin. Belə olan halda isə Sevincə cəmi 20000 manat borcu qalıb. Milli Təhlükəsizlik Nazirliyində Səlim Məmmədov «Sevinc səndən şikayət edib ki, sən ondan 30.000 manat borc pul almısan» deyib. Bundan sonra Səlim belindən «Makarov» tipli silahı çıxarıb ona verib və «bir dəqiqə bunu saxla» deyib. Lakin əlini silaha vurmayıb. Daha sonra Səlim Məmmədov sidiyini test edib. Daha sonra, Səlim və Elçin ona «250.000 manat pul verməsən, səni silahla, narkotiklə yükləyib, özünü həbs edib «podval»a göndərəcəyik» deyiblər. Bir qədər sonra Sevinci otağa gətiriblər və sonuncu onun üzünə qarşı 30.000 manat pulu borc aldığını təsdiq edib. Səlim və Elçin uzun alverdən sonra 80.000 manata razılaşaraq «30.000 manat Sevincə verəcəksən, 50.000 manat pulu isə bizə verməlisən» deyiblər.Başqa çıxış yolu olmadığını görüb öz telefonlarının birindən dayısı Zakir Mövsümova zəng edib. Beləliklə dayısı Zakir 80.000 manat pulu həmin yerə gətirib və pulu Səlim Məmmədov və Elçin Çıraqova verub. Bundan sonra, saat 22 radələrində sərbəst buraxılıblar.

***
12.13

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. A. Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə deyib ki, ötən iclasda KİV nümayəndələrinin iclasda iştirakına dair vəsatət qaldırıblar. Hakim bu gün keçirilən iclasda jurnalistlərin iştirakının təmin ediləcəyini deyib. Lakin bu gün jurnalistlərin iştirakına icazə verilməyib.

Hakim Həbib Həsənov vəkillərə KİV nümayəndələrinin iştirakı ilə bağlı qadağa qoymadığını deyib. Lakin polis əməkdaşları jurnalistlərə bununla bağlı hakimin göstərişi olduğunu deyib və zala daxil olmalarına icazə verməyib. Akif Çovdarov da məsələyə etiraz edib. Bildirib ki, iclas barədə qərəzli yazan bir jurnalist zala buraxılır. O, həmin şəxsin kim olduğunu da hakimlərə deyib. Həmin şəxs isə iclasda zərərçəkmiş şəxsin nümayəndəsi kimi iştirak etdiyini deyib. Hazırda iclas davam edir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.