Qaziler.az saytı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ağdmadakı çıxışının bir hissəsini təqdim edir: "Bu gün Azərbaycan vətəndaşları fəxr edirlər ki, Azərbaycan dövlətində yaşayırlar. Bu dövlətin vətəndaşlarıdırlar. Çünki Azərbaycan müstəqil siyasət aparır. Bu siyasətin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Xalqın maraqları hər şeydən üstündür. Biz bu siyasəti bütün istiqamətlər üzrə davam etdirəcəyik. O cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki işlər görülür. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillər, evlər verilir. Artıq minlərlə ev verilmişdir. Hələ növbədə dayananlar vardır, hesab edirəm ki, iki-üç ilə bu məsələni də tam şəkildə həll edəcəyik. Eyni zamanda, veteranlara minik maşınlarının verilməsi prosesi də artıq başa çatır.
Bu il yəqin ki, başa çatacaqdır. Biz onları dövlət hesabına minik maşınları ilə tam təmin edəcəyik. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, dövlət əlbəttə, öz siyasətini aparır və aparacaqdır. Ancaq bütün qurumlarda, dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onları incitməməlidirlər, onların hüquqları pozulmamalıdır. Burada Ağdam rayonundan bütün aidiyyəti qurumlara, həm dövlət, həm də özəl qurumlara öz göstərişimi verirəm. Veteranların işlə təmin edilməsində, onların sosial problemlərinin həllində ədalətsizlik qəti qadağandır. Ümumiyyətlə, ədalətsizliyə qarşı biz mübarizə aparırıq. O cümlədən qan tökmüş, Vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu, dövlət siyasətidir, mənim tələbimdir. Hər şey ədalətli olmalıdır. Ədalət pozulanda, problemlər yaranır".