Qan istəyən qatil prezident

Qan istəyən qatil prezident backend

Bir zaman dünya ermənilərini birləşdirən Qarabağ məsələsi indi onları parçalayan amilə çevrilib. Səbəbi bəlli: Qarabağın işğalı Ermənistana səadət gətirmədi, əhali sürətlə azaldı, Ermənistan iri beynəlxalq layihələrdən kənarda qaldı, ölkə müstəqilliyindən tam imtina edib Rusiyanın qucağında oturdu, özgə torpağı erməni gənclərin məzar yerinə çevrildi...

Qarabağ uğrunda gedən prosesdə udan yalnız hakimiyyət oldu, indi erməni cəmiyyəti bunun fərqindədir. Ona görə də etirazlar daha ucadan səslənir. Serj Sərkisyan da vəziyyətin hər an nəzarətdən çıxacağından ehtiyatlanır. Bu qədər gərgin münasibətlərin mövcudluğu şəraitində ardıcıl parlament və prezident seçkiləri keçiriləcək. Seçkilər o şəraitdə keçirilir ki, Ermənistan vətəndaşları davamlı şəkildə Bakıda yaşamaq üçün Azərbaycan hakimiyyətinə müraciət edirlər. Bu, həm də Sərksiyanın yürütdüyü siyasətə tüpürməkdir.

Özünü ərköyün uşaq kimi aparan erməni prezident çox çətin durumla üz-üzədir. Həm də ona görə ki, “arsenalındakı” bütün silahlardan istifadə edib, indi əliyalındır. Rusiya ona “İsgəndər” raketlərini oyuncaq əvəzi versə də, bu, Sərksiyanın işinə yaramır. Ermənistan prezidentin yürütdüyü siyasət tar-mar olub.

Təsəvvür edin, keçən ilin yayında Sərkisyan “bütün dünya bir olsa, Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa məcbur edə bilməz”, - deyə şivən qoparırdı. Ancaq üstündən bir neçə ay keçəndən sonra İrəvan və Xankəndi erməniləri Azərbaycan bayrağı altında yaşamaq istədiklərini bəyan etdilər və onların bir qrupu Bakıda normal həyatını yaşayır. Bu, Sərkisyana vurulan şillə deyil, bəs nədir?

Sərkisyana bu gün cəbhədə qan tökülməsi çox lazımdır. Azərbaycanlılarla ermənilərin birgə yaşamasının mümkün olmadığı barədə iddiasını sübuta yetirmək üçün. Faktiki olaraq onun siyasəti iflasa uğrayıb. Erməni prezidenti havalandıran odur ki, hətta aprel döyüşlərindən sonra Vaan Martirosyan, Syuzan Caqinyan kimi erməni fəallar Bakıya gəlib Xocalı soyqırımına görə üzr istədilər, qatilləri lənətlədilər, üstəlik, Bakıda normal həyatını yaşayırlar.

Yəni “azərbaycanlılar qatildir, Dağlıq Qarabağ ətrafındakı əraziləri təhlükəsizlik üçün azad edə bilmərik” kimi iddialar sabun köpüyünə çevrilib. Sərkisyan qorxur ki, bu situasiyanın ardınca Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusunun verilməsinə razılaşar. Ona görə də davamlı şəkildə təxribatlara əl atır. Kəsəsi, erməni prezidenti bu gün tökülən qan xilas edə bilər. Həm də öz millətinin qanı, dünyanı və erməniləri inandırmaq üçün...

Bu yandan da sülh platformasının yaradılması onu çətinə salıb, erməni fəalların Bakıda sərbəst yaşayıb işləməsi iddialarını alt-üst etdi. Hətta Xankəndidə ictimai fəal Lusine Nersisyan Azərbaycanla birgə yaşamaq istədiyini dedi, ağzını yumub həbsə atdılar. Bu gün Azərbaycandan Ermənistana getmək istəyən yoxdur, işğalçı ölkədən bura gələnlər var və say artır. Sərksiyan təlaşdadır ki, bir gün cəbhəboyu postlarda olan erməni hərbçilər də ağ bayraq qaldırıb təslim olar, sülh platformasına qoşular.

Xocalı qatili hər cür təxribatlara gedəcək, təki hakimiyyətinin ömrü uzansın. Sərkisyan baxır ki, o, Qarabağ danışıqlarından imtina edib, ancaq erməni ziyalılar azərbaycanlılarla sülhdən danışır. Bir neçə il əvvəl iki ölkənin ziyalıları və səfirləri qarşılıqlı səfərlər etmişdi. Onda da erməni hakimiyyəti vəziyyətin nəzarətdən çıxdığını görəndə təxribata əl atdı, proses dayandı.

2014-cü ilin noyabrında danışıqlarda aktivlik yaranmışdı, həmsədr ölkələr sülh üçün hərəkətə keçmişdi. O zaman görüşdən imtina üçün Sərksiyan bir erməni vertolyotunu, iki pilotu qurban verdi. Danışıqlar yalnız 2016-cı ilin aprel döyüşlərindən sonra bərpa olundu.
Onun növbəti fitnəsi 29 dekabrda oldu. Həmin gün həlak olan Azərbaycan əsgərinin nəşini isə hələ də geri qaytarmır bu cəsəd manyakı. Hakimiyyətdə qalmaq naminə öz vətəndaşlarını qurban verən prezidentdən əslində hər şey gözləmək olar. Yaxşı ki, bunu ermənilər özləri də anlayır. Necə ki, Amerika ermənisi Henrik Xaçaturyan cani adlandırdığı prezident haqqında “qərəzsiz və ədalətli məhkəməyə cəlb edilsə, ən azından ömürlük azadlıqdan məhrum edilər” söyləyir. Belə getsə, onu ermənilər özləri Haaqa Məhkəməsinə verəcəklər...

P.S.Yazını yekunlaşdıranda Azərbaycan ordusunun əsgərinin şəhid olduğu xəbəri gəldi. Qatil prezident qan istəyir...

musavat.com

Diaspora