Bu gün Azərbaycan mətbuatının başı 10 yaşlı Nuray Bayramzadənin başına gələnləri "işıqlandırmağ"a qarışıb.
Bəli, Nuray gündəmi zəbt edib. Özü istəmədən. 10 yaşlı qızcığaz həyatında təlatüm yaşayır. Həyatını dəyişmək istəyirlər onun. Həm də zorla, onun istəyinin əksinə.Çoxdan meydanda olmayan atanın yadına atalığı düşüb: qızını yanına aparmaq istəyir. Məhkəməyə müraciət edərək atalıq hüququnun bərpasına nail olub. Yəni atalığını bərpa etdirib. Bu illərdə haradaymış görəsən? Niyə gedib qızına vaxtaşırı baş çəkib özünü onun yadına salmayıb? Niyə Nuray körpə olanda atanın nə demək olduğunu ona əməldə göstərməyib? Niyə... Yox, onun bu hüququ ilə işim yoxdur. Mən başqa məsələyə toxunmaq istəyirəm.
İnsanın gələcəkdə necə bir İNSAN olmasının təməli uşaqlıqda qoyulur. O təməl hər şeyi həll edir. Nuray təxminən iki yaşında olanda atası ilə anası ayrılıblar. Qızcığaz həyatının ilk zərbəsini belə alıb. Sonra anası vəfat edib. İkinci böyük zərbə! Xalası ilə yaşayıb. Həmyaşıdları yanında ata-ana kəlməsi işlədəndə onun körpə ürəyi sızlayıb. Körpə uşaqcün valideyndən vacib nə ola bilər ki? Yəqin ki, xala da, həyat yoldaşı da ona qarşı şəfqətli olublar. Ancaq ata-ananın yeri bir başqadır, onlar əvəzedilməzdir.
Nuray 10 yaşına çatıb. O, atasının kim olduğunu bilməyib. Bir incə məqam var: o, ömrünün sonuna qədər ata sevgisinin nə olduğunu dərk edə bilməyəcək. Çünki bu sevgini anlamağın əsası körpəlikdə qoyulur. Sonradan bunu yaşamaq mümkün deyil. İndi ata qızını məhkəmə, zor-güclə özünün yaşadığı evə apara bilər. Ancaq ata məhəbbətini onun ürəyinə yeridə bilməz. Gecdir, çox gec.
Ata Əvəz Bayramov adını nə qoyursa qoysun, hansı bəhanələr gətirirsə gətirsin o, vaxtilə qızını tərk edib. Gedənlər yaxşı nə hiss varsa hamısını özləri ilə aparırlar, apardıqlarının yerində böyük boşluq qoyurlar. Tərk edilənlər həmişə özünü əskik hiss edir, özünü tamamlaya bilmir. Hər kəs ona yad kimi gəlir. Ata-anası olmayan uşaqlar həmişə belə olurlar...
Əvəz Bayramov da Nurayın ürəyində ata yerini boş qoyub. O yerdə bir həsrət qalıb. Bu həsrət başqa həsrətlərə bənzəməz. Artıq onu qovuşmaqla həll etmək mümkün deyil. Əksinə, körpə ürəyin sarsıntısını artıracaq. Ata o boşluğu milyonlar versə də doldura bilməyəcək. Hər şey zamanında olmalıdır. Zamanında. Ata da bunu anlamalıdır. Ancaq anlamaq istəmir. Başa düşmək istəmir ki, həyatda qanun kitablarına salınmayan yazılmamış qanunlar var. Kaş ki, o Nurayı tərk etməsəydi, kaş ki, Nuray atanın nə olduğunu vaxtında bilə bilsəydi. Onda qızcığaz heç nəyə baxmadan atasına doğru qaçardı. Atasına sarılardı.
Cənab məhkəmə icraçıları, sizin Nurayın yaşadıqlarından xəbəriniz varmı? Onun nələr çəkdiklərini bilirsinizmi? Bu dünyada qanunlarla ölçülməyən, gözlə görünməyən insan duyğusu mövcuddur. İndi Nurayın bir düzəni var. Pozmayın onu. Əl çəkin! Qoyun yaşasın! Onsuz da onun dünyası darmadağındır. Bir az da siz dağıtmayın. Nə etsəniz də, neyləsəniz də Nuray atasını ürəyində qəbul edə bilməyəcək. Qanunu əlində bayraq edən bioloji ata da bu məsələdə çox acizdir. Qanunları özünüzə saxlayın. Zor heç zaman sevgi yarada bilməz. Əl çəkin Nuraydan, siz onun yaşadıqlarını anlaya bilməzsiniz. O sevgini xalasında tapırsa qoyun onunla da yaşasın.