Vikipediya sahəsində görülən işlərlə bağlı hesabat dinlənildi

Vikipediya sahəsində görülən işlərlə bağlı hesabat dinlənildi backend

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) konfrans zalında MEK-in Sərbəst elektron resuslarla (SER) iş bölməsinin hesabatı dinlənilib.

Hesabatda Vikipediya elektron ensiklopediyasında görülmüş işlər və eyni zamanda Azərbaycanın Milli Qəhrəmanlarının, Aprel şəhidlərinin və Əfqanıstan müharibəsində şəhid olmuş azərbaycanlıların fərdi siyahılarının hazırlanması barədə ətraflı məlumat verilib. Sərbəst elektron resuslarla iş bölməsinin rəhbəri Elnur Hüseynov Vikipediya haqqında qısa məlumat verərək, 2017-ci ildə nəzərdə tutulan işlər barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bölmənin mütəxəssisi Tural Əliyev Vikipediya elektron ensiklopediyasının qlobal miqyasda hər gün artan çəkisi barədə məlumat verib.
T. Əliyev Azərbaycan dilində olan elektron ensiklopediyadakı ümumi vəziyyət, məqalə sayı və yerləşdirilməsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Bölmə əməkdaşı Günay Məmmədova Vikipediya ilə bağlı MEK-də təşkil edilmiş təlimlərdən danışıb. G. Məmmədovanın məlumatına görə, 2016-cı ilin fevral ayından etibarən AMEA-nın institut və təşkilatlarınının əməkdaşlarına, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetininin tələbələrinə keçirilən 28 təlimdə 167 nəfər şəxs iştirak edib.



SER bölməsinin əməkdaşı, Vikipediya elektron ensiklopediyasının Azərbaycan dili bölməsinin idarəçilərindən olan Nihat Vəlizadə Mərkəzi Elmi Kitabxananın müraciətindən sonra Azərbaycan Milli Ensiklopediyasının elektron formada əldə edilməsini, buradan Vikipediyaya əlavə edilmiş məqalələrin siyahısını əyani formada göstərib. Nihat Vəlizadə çıxışında SER bölməsinin əməkdaşları tərəfindən son 3 ay ərzində 250-dən çox məqalənin yaradıldığını və onların 50-dən çoxunun Azərbaycan Milli Ensiklopediyasının elektron versiyasından götürüldüyünü də tədbir iştirkaçılarının nəzərinə çatdırıb.