Azərbaycan prezidentinin 2016-cı il 29 noyabr tarixli fərmanınına əsasən bu il Mingəçevir şəhəri və Yevlax rayonu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçilib. Bu, şəhərlər Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələr nəticəsində qərara əsaslanır.
Bildirilib ki, rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə pilot layihənin tətbiqini sınaqdan keçirəcək. Bununla əlaqədar agentlik pilot ərazilərdə yaşayan əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi və yeni maliyyələşmə sistemindən istifadəsini asanlaşdırmaq məqsədilə icbari tibbi sığortanın tətbiqi istiqamətində yerlərdə hazırlıq işlərinə başlayıb. Sözü gedən pilot layihənin həyata keçirilməsi gələn ilin 1 fevral tarixinə kimi planlaşdırılıb.Azərbaycanda 16 ilə yaxındır ki, icbari tibbi sığortanın bazası yaradılsa da, bu ilə kimi tətbiq olunmurdu. Dünyanın demək olar ki, bütün ölkələrində icbari tibbi sığorta mövcuddur. Tibb elmləri doktoru, professor Adil Qeybulla bunun həyata keçməməsinə bir neçə amilin səbəb olduğunu deyib:“Əslində bu, genefondun qorunması istiqamətində olan bir proqramdır. İcbari tibb sığorta ilə bağlı 1999-cu ildə prezident fərmanı olub. Bu vaxta kimi icbari sığortanın tədbiqinə bir sıra amillə mane olurdu: Əhalinin maaşlarının yetərincə olmaması, Azərbaycan əhalisinin böyük hissəsinin miqrasiya durumunda olması, Qarabağ problemi, daxili problemlər və s. Hər bir vətəndaş sığorta vəsiqəsi ilə təmin olunmalı və bu, ilk növbədə təxirəsalınmaz yardımı əhatə etməlidir. Çek-up müayinəni, ilkin yardımlari, təcili əməliyyatları sığorta paketinə daxil etmək mümkündür. Əhalinin gəlirləri çoxaldıqca, iqtisadiyyatda artım olduqca, dövlət büdcəsindən ayırmalar artdıqca tibbi xidmətin səviyyəsini və xidmətlərin sayını da artırmaq mümkün olar”.
Ötən ilin fərman imzalananda bəzi ekspertlər tibbi sığorta layihəsinin bu ilin yanvarında start götürəcəyinə ümidsiz idilər. Onlar bildirirdilər ki, ölkə iqtisadi durmu pilot layihəni yubadacaq. Artıq layihə sözü gedən iki şəhərdə başlayıb. Agentlikdən bildiriblər ki, pilot bölgələrdə yaşayan əhalinin “sığorta polisi” alacaq.
Niyə məhz MingəçevirYevlax Şəhərləri seçilib?
Bununla bağlı soğrumuza cavablandıran İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova bildirib: “Agentlik“ərazilərin demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayını, mövcud tibbi xidmət şəbəkəsini və tibb müəssisələrinin (xüsusən xəstəxanaların) maddi-texniki vəziyyətini, tibbi personalla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərclərini”nəzərə alaraq, belə bir seçim etdiyini bildirir”.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə icbari tibbi sığorta ilə bağlı qaranlıq qalan məsələlər çoxdur:“Hazırda ölkənin səhiyyə sisteminin maliyyələşmə mexanizmləri ilə bağlı problemlər var. Qaranlıq qalan məsələlərdən biri budur ki, insanlar bu xidmətlərdən necə ödənişsiz istifadə etsin. Dünya ölkələrində sığorta fondları vəsaitlərinin daha səmərəli və qənaətlə istifadə edilməsi məqsədilə daha keyfiyyətli və dayanıqlı xidmət göstərən tibb müəssisələrinin xidmətlərindən istifadə etməyi məsləhət görür. Bunun nəticəsində tibb müəssisələri arasında rəqabət mühiti dərinləşdi ki, bu da ölkələr üzrə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətlərini müsbətə doğru dəyişdi. Azərbaycanda dövlət səhiyyə sektorunda rəqabət mühiti kifayət qədər məhduddur. Bu baxımdan, düşünürəm ki, hazırkı planlaşmada nəzərdə tutulduğu kimi icbari sığortanın yalnız qeydiyyatda olan səhiyyə mərkəzlərində ilkin tətbiqi mürəkkəb olacaq. Mühüm məqamlardan biri də vətəndaşların hazırkı situasiyanın dəyişilməsinə inamının az olmasıdır.
Eləcə də iqtisadçi ekspert Vüqart Bayramov Azərbaycanda xəstəxanaların sığorta şirkətləri ilə birgə çalışmaq təcrübəsinin olmadığını deyir: Sığorta şirkətləri ilə dövlət xəstəxanaları arasında da münsabitlərin qurulmasıda müəyyən problemlər var: Hələ də sığorta şirkətləri ilə dövlət xəstəxanalarının əksəriyyəti arasında münasibətlər sivil səviyyədə qurulmayıb. Sığorta sənədlərinin xəstəxanalarda qəbulu ilə bağlı problemlər qalmaqdadır. Bütövlükdə tibbi sığorta ilə bağlı biliklərin aşağı olması icbari tibbi sığortanın inkişafını tormozlayan faktorlardan biridir.
Ekspertin qabartığı məsələyə aidiyyatı dövlət qurumundan cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyitibbi sığortanı hər hansı sığorta şirkətinə həvalə etməyəcəyini, özlərinin aparacağını da vurğulayır:“Agentik bir çox dövlətin təcrübəsini öyrənib. Ölkəmizdə sosial tibbi sığorta modelinin tətbiq edilməsinə qərar verilib. Bu modeldə sığorta haqlarının yığılmasında dövlətlə yanaşı, vətəndaşlar və işəgötürənlər də iştirak edirlər”.
Qeyd edək ki, pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirməkdir.