Səlim Müslümov Türkiyəyə səfər edəcək

Səlim Müslümov Türkiyəyə səfər edəcək backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az verilən xəbərə görə Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçiriləcək.

Aprelin 16-19-da Ankara şəhərində Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçiriləcək. İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq keçirilən iclas bu iki qurumun fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar fikir mübadiləsinin aparılması, əmək miqrasiyası üzrə mövcud problemlərin və onların həlli yollarının müzakirəsinə həsr olunub. İclasda həmçinin əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, məşğulluq və peşə hazırlığı, əlilliyin reabilitasiyası sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə söykənən əməkdaşlıq əlaqələri iki ölkə arasında əmək və sosial müdafiə sahəsində də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair Saziş imzalanıb. Azərbaycan və Türkiyə arasında qeyd olunan sahələrdə əməkdaşlığın inkişafına xidmət edən sənədin icrası istiqamətində məqsədyönlü işlər aparılmaqla, müvafiq fəaliyyət sahələrində fəal təcrübə və məlumat mübadilələri həyata keçirilir.



Diaspora