Bakıda olan ən təhlükəli yoldakı relslər sökülür - Açıqlama

Bakıda olan ən təhlükəli yoldakı relslər sökülür - Açıqlama backend

Bakının Neftçilər prospektindəki qatar relsləri ləğv edilir. "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin BakiPost.az-a verdiyi məlumata görə, artıq relslərdən biri tamamilə sökülüb. Onun sözlərinə görə, söküntü işləri Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə aparılır: "Orada qatar relsləri 3 hissədə var. Yanvarın 4-dən 5-nə keçən gecə onun biri sökülüb. Digərlərinin də söküntüsü aparılacaq. Ora nəqliyyat axını sıx olduğu üçün söküntü işləri istirahət günləri və gecə saatlarına salınacaq ki, avtonəqliyyat vasitələrinin hərəkətinə o qədər də maneçilik törətməsin”.


Məlumat üçün bildirək ki, bir müddət əvvəl sözügedən yoldan qatarların keçməsi və bununla da təhlükəli vəziyyətin yaranmasıyla bağlı mətbuatda məlumat dərc olunmuşdu. Bildirilirdi ki, yoldan qatar relsləri keçməsinə baxmayaraq orada nə tənzimləyici, nə də işıqfor var. Qatar keçən zaman isə tənzimləyici olmadığından sürücülər özlərini təhlükəyə atmaqdan çəkinməyərək sürətlə qatarın qarşısından keçərək yollarına davam edirlər.

Hətta bu məsələ xarici KİV-lərdə də işıqlandırılıb. Məlumatlar "dünyanın ən təhlükəli yolu" başlığı ilə dərc edilmişdi.