Bayram bitdi: hər kəs yoluna...

Bayram bitdi: hər kəs yoluna... backend

2017-ci ilin bayram günləri sona çatdı...

Yeni il bayramı da bitdi, onun ənənəvi "qanunlar"ı da. Soyuducuda keçən ilin son günlərində hazırlanan "paytaxt" salatı, yarpaq dolması, aş, kompot, telefondakı ənənəvi təbriklər...Hər şey ötən il kimi sona çatdı.

Facebooku, whatsapp-ı yaradanların Allah atasına rəhmət eləsin! Qohum-əqraba, dost-tanış bir-iki kəlmə ilə, şablon sözlərlə də olsa bir-birini "təbrik" edə bildi. Hərçənd buna təbrik də demək olmaz. Hazır mezajlar, videolar, şəkillər, emojilər...Amma insafla desək, bir tərəfdən bu, daha yaxşıdır. "Xala xətrin qalmasın" kiməsə yazmaq lazım gələndə elə bir cümləlik mesaj göndərməklə can qurtarmaq olur. Zəng edib, ya görüb boğazdan yuxarı gülməyə də ehtiyac qalmır, kiminsə sənə xoş sözlər deməyə özünü məcbur edən birinə təşəkkür etmək məcburiyyətində də qalmırsan. Bir kəlmə yazırsan bitib gedir. Bir də, Allah bilir, nə vaxt yazmaq lazım gələcək.

Təqvim dəyişdi, bayram da sona çatdı. Bir il də artıq yaşaya bildik. Yenidən hər kəs həyatına davam etmək zorundadır. Ürəyində boşluq olanlar öz boşluğunda boğulmağa, geriyə qalan həsrətində, övkəsində çabalayanlar onunla baş-başa qalmağa, gündəlik qayğılarına başı qarışanlar onunla məşğul olmağa, xoşbəxt olanlar sevinclərinə, xəyanətkarlar xəyanətinə, oğrular oğurluğuna, insanlar insanlığına davam edəcək. Əslində bayramlarda, toyda, şənlikdə kim kimdirsə elə qalır. Amma bir balaca "maskalanmağ"a ehtiyac olur. Yalandan gülümsəyirsən, yalandan ucadan xoş sözlər deyirsən, yalandan... Hamısı yalandan olur. Özün olmursan. Elə bil sənin cildində bir başqasıdır.

Bayramların bir özəlliyi də budur.

Arzu Səlim