Bakıda Yeni il hazırlıqları -REPORTAJ

Bakıda Yeni il hazırlıqları -REPORTAJ backend

Yeni ilə artıq sayılı günlər qalıb. Paytaxtda yeni ilə hazırlığın neçə getdiyini müşahidə etmək üçün çəkiliş qrupumuzla birlikdə şəhərin müxtəlif ərazilərinə baş çəkdik. Əvvəlki illərlə müqayisədə Bakının mərkəzi hissəsində bu il bir o qədər də bayram ab-havası hiss olunmurdu. Dekabr ayının ilk günlərindən gözümüzün öyrəşdiyi uşaqları da şam ağaclarının ətrafında görə bilmədik. Baş çəkdiyimiz bəzi ərazilərdə isə Şaxta Baba və Qar Qız gözümüzə dəymədi.

Milli Elmlər Akademiyası qarşısında hər il quraşdırılan şam ağacına da bu il rast gələ bilmədik. Hökumət Evinin qarşısında da şam ağacı quraşdırılmamışdı. Amma təbii ki, istisnalar da var. Hər zaman görməyə alışdığımız yerlərdə Yeni ilin simvollarına rast gəlməsək də, digər ərazilərdə tapa bildik. Milli Parkda Şaxta Baba və Qar Qız olmasa da, böyük şam ağacı quraşdırılmışdı.

Paytaxtda keçən illə müqayisədə bu il çox az sayda şam ağaclarına rast gəldik. Buna baxmayaraq, Bulvar ərazisində iki böyük yolka quraşdırılıb ki, onlardan biri hazırda yanında dayandığım şam ağacıdır. Hündürlüyü 36 metrdir. Bu isə paytaxtda ən hündür yolka hesab olunur.

Qız Qalasının yanında dekorativ şam ağacı, ətrafında isə oyuncaqlar quraşdırılıb. Hündürlüyü 22 metr olan bu şam ağacı isə paytaxtın Ağ Şəhər deyilən ərazisində quraşdırılıb.

Şəhərin bir çox yerlərinə nisbətən Fəvvarələr meydanında sıxlıq müşahidə olunur. İnsanlar bura gələrək xeyriyyə yarmarkasından alış-veriş edir, balacalar isə öz növbəsində Şaxta Baba və Qar Qızla şəkil çəkdirirlər: "Hər kəsi təbrik edirəm. 31 dekabrda mən uşaqlara Yeni il hədiyyəsi gətirəcəyəm. Gəldiyim yerlər çox soyuq idi, amma görürəm ki, bura yaxşıdır. Bu il Şaxta Baba üçün çox yaxşı keçib. Gəldiyim ən gözəl yer buradır. Həmkarlarımın başı yeməyə qarışıb. Qar Qızım da yemək yeməyə gedib".

Nəhayət ki, Qar Qıza da rast gəlirik.

Bu ili təhvil verən Meymun isə gözümüzə heç də yaxşı dəymədi. Bir az kefsiz idi: "Özümü pis hiss edirəm. Çünki gedirəm. Xoruz gəlir, mən gedirəm. Bu il nə pis, nə də yaxşı keçdi. Bu ili normal dəyərləndirirəm".

Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun sözlərinə görə, bu il Şaxta Baba və Qar Qız olmaq üçün çox az sayda müraciət olunub. Əvvəllər 60 nəfər müraciət edirdisə, indi bu rəqəm 14-ə enib. Evlərdə fəaliyyət göstərmək üçün müraciət edənlərin sayı isə 7 nəfərdir. Bunun bir çox subyektiv səbəblərinin olduğunu deyən müsahibimizin sözlərinə görə, dövlət rüsumu hər iki simvol üçün 60 manatdır: "Əvvəl fotoqraf da var idi. Bunlar bir komanda təşkil edirdilər. İndi fotoqraf yoxdur. Ona görə ki, hamının öz aparatı var. Buna görə də heç ehtiyac qalmayıb. Neçə illik müşahidələrimə əsasən deyə bilərəm ki, sayın azalması o fotoqrafın olmaması ilə bağlıdır. Fotoqraf bu işi təşkil edirdi, irəli düşürdü, komandanı özü yaradırdı. İndi o yoxdur deyə, daima o soyuğun qarşısında onlar dayanırlar".

Müsahibimiz deyir ki, Qar Qız və Şaxta Babadan sağlamlıqları və dil bilmə qabiliyyətlərinin olub-olmaması ilə bağlı arayış tələb olunması haqqında mətbuatda yayılan xəbərlər şayiədir: "Əslində belə bir şey yoxdur. Bizə müraciət edənlərin böyük əksəriyyətini biz tanıyırıq, neçə ildir ki, artıq onlarla işləyirik. İndi ona görə bizim üçün ciddi bir problem yoxdur. Əgər bu işdə yeni başlayan olursa, bizə yeni müraciət olunursa, biz o halda onlardan sağlamlıq haqqında arayış tələb edirik, çünki bilirsiniz ki, onlar körpələrlə təmasda olurlar. Dil bilsələr də, nə ziyanı var? Çox yaxşı olar. Amma biz heç kimdən tələb etməmişik, dil bilikləri ilə bağlı tələbimiz olmayıb".

Yeni il yeni gün, yeni nəfəs, yeni sətirdir. Ömür səhifənizə yazılan hər bir günün mənalı və gözəl olması diləyi ilə...