2500 sahibkara 190 milyon manat kredit verildi

2500 sahibkara 190 milyon manat kredit verildi backend

Bu il 2500 sahibkara 190 milyon manata yaxın güzəştli kredit verilib. Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.


Xəbərdə deyilir ki, kreditlərin reallaşması hesabına 8100-dən çox yeni iş yeri yaradılır. Verilən kreditlərin 82,3%-i aqrar sektorun, 17,7%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”, çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və s. sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Dekabrın 28-də isə Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 7,7 milyon manat güzəştli kredit verilib. Ayrılan kreditlər əsasən heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, çörək, tikinti materialları, mətbəx və məişət əşyaları istehsalı, zeytunçuluq sahələrinin inkişafına sərf olunacaq.