Tarixin Xocavənddəki izi və Qaraca çobanın qəbri - “Kitabi-Dədə Qorqud“ - 200 (Fotolar)

Tarixin Xocavənddəki izi və Qaraca çobanın qəbri - “Kitabi-Dədə Qorqud“ - 200 (Fotolar) backend

Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunan tədbir keçirilib.

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, Bakı Slavyan Universitetinin, Elitar Gimnaziyanın, Qəbələ rayonu Nic kənd orta məktəbinin müəllim, tələbə və şagirdləri, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Beyləqan və Xocavənd məktəbliləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xocavənd qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək qoyublar.

Xocavənd qəsəbəsindəki mədəniyyət evində keçirilən tədbirdə əvvəlcə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı “Kultura +” İnternet Televiziyası tərəfindən çəkilmiş film nümayiş etdirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək onun işinə uğurlar arzulayıb. Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Qaraçuq dağının Xocavənd ərazisində yerləşməsi, yerli əhali arasında Qaraca çobanla bağlı rəvayətlərin dolaşması onu deməyə əsas verir ki, dastanda bəhs olunan hadisələrdən bəziləri məhz Nərgiztəpə yaxınlığında baş verib. Buradakı qədim qəbiristanlıqda qəbirin birinin də məhz Qaraca çobana aid olduğu güman edilir.



Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı mühazirəsi dinlənilib. Bildirilib ki, “Kitabi-Dədə Qorqud”un əlyazmalarını toplayan alman diplomatı Fridrix fon Dits 1815-ci ildə “Basatın təpəgözü öldürməsi boyu”nu alman dilinə çevirərək çap etdirib. Fridrix fon Dits kitaba yazdığı “Ön söz”də oğuz xalqları, “Kitabi-Dədə Qorqud” dastanı haqqında geniş məlumat verib, dastanı qədim yunan mifləri ilə müqayisəli şəkildə təhlil edib.

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətini vurğulayan K.Abdullayev diqqətə çatdırıb ki, Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, elm və təhsil ocaqlarının, müxtəlif təşkilatların üzərinə dastanın tədqiqi ilə bağlı vəzifələr qoyulur.

Tədbirdə Bilik Fondunun nmayəndələri, Elitar Gimnaziyanın müəllim və şagirdləri, Qəbələ, Beyləqan və Xocavənd məktəbliləri, jurnalistlər Sevinc Mürvətqızı, Seymur Elsevər və başqaları çıxış edərək, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. AzərTAC
Diaspora