Partlayış Abşeronu qazsız qoydu - YENİLƏNİB

Partlayış Abşeronu qazsız qoydu - YENİLƏNİB backend

Xəbər verildiyi kimi, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib.

SOCAR-dan BakiPost.az-a verilən məlumata görə, yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub.


Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb.

Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

***
12:03

"Hələ ki, Bakının Qaradağ rayonu ərazisində baş verən partlayışla bağlı həmin ərazilərdə yaşayan sakinlərə qazın verilişində problem yaranmayıb”.

Bu barədə BakiPost.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib. Bildirib ki, Qaradağ və ətraf rayonlarda qazın fasilə ilə verilməsi ilə bağlı hər hansı fakt yoxdur: "Hələlik partlayışın qazın verilməsinə təsiri yoxdur. Qaradağ və ətraf rayonlarda sakinlərin narahatçılığına da əsas yoxdur”.

İbrahim Kərbəlayev qeyd edib ki, əgər bundan sonra hər hansı problem yaranarsa, bu barədə rəsmi olaraq məlumat veriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində yerləşən Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.