“Normal adam belə danışmaz” - Ağacan Abiyev

“Normal adam belə danışmaz” - Ağacan Abiyev backend

"Əvvəla, deputat Astan Şahverdiyevin nə danışdığını dəqiq bilmirəm. Amma hesab edirəm ki, Rusiyada işləyən azərbaycanlıları "otxod” adlandırmaq normal adama yaraşmır. Qurtardı. Normal adam, insanları bu cür adlandırmaz”. Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abiyev Modern.az-a açıqlamasında deputatın səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, məsələyə komissiyada baxılacaq:

"İntizam Komissiyası özbaşına deyil. Komissiyanın sədri olaraq tək deyiləm. Komissiyanın digər üzvləri də var. Nəsə bir qərar olsa, biləcəksiz. Sadəcə, özbaşına deyiləm ki, kiməsə əmr verəm. Komissiyanın sədri olaraq, komissiya üzvlərini bir araya yığacam. Onlarla söhbət edəcəm. Bizim fikrimiz sizin fikirlərinizlə üst-üstə düşəndə biləcəksiniz”.

Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub.

Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcbur köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə "Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb.

Görüşdən sonra "Azadlıq” radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda danışarkən aşağıdakı ifadələri səsləndirib:
"O saxlanılanlar ən "yarıy” adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar...

…Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə”.