Qaz və işığın verilməməsi ölkənin müxtəlif yerlərində əhali arasında etiraza səbəb olub.
Bir neçə gün əvvəl Ağdamda qazın verilməməsi ilə bağlı Alıbəyli-1 və Alıbəyli-2 qəsəbələrinin sakinləri Ağdam rayon qaz idarəsinin qarşısında aksiya keçirdi. 2 gün öncə isə Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş ediblər.Baş verən bu narazılıqlarla bağlı millət vəkili Araz Əlizadə Ölkə.Az-a danışıb:
"Öz vəzifəsinə səhlənkar yanaşan məmurları çox ciddi cəzalandırmaq lazımdır. Yoxsa o məmurlar öz xoşuna adam olmayacaqlar.
Dövlət büdcəsindən pullar ayrılıb. Yerli məmurlar isə hesabat verir ki, təmir işləri görülüb. İcra hakimiyyətləri və digər qurumlar öncədən bəyan edirlər ki, qışa hazırıq. Ancaq indi bəlli olur ki, bunlar hamısı yalan imiş.
O məmurlar dövlət büdcəsindən ayrılan pulları yeyiblər. Onlara qarşı çox ciddi tədbirlər görmək lazımdır. Yoxsa insanların narazılıqları artacaq".