Kütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satanlara qarşı cərimələr tətbiq ediləcək. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev Trend-ə bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Dəyişikliyə əsasən, kütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satan vəzifəli şəxslər 2 min manatdan 5100 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər məbləğdə cərimə olunacaqlar.R.Əliyev deyib ki, bəzən idman yarışlarında bilet qabaqcadan alınır, sonradan qara bazarda başqa qiymətə satılır. O bildirib ki, bu kimi neqativ halların qarşısının alınması üçün qanuna dəyişikliklər edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin Milli Məclisin Sosial siyasət komitəsinin aprelin 13-də keçiriləcək iclasında müzakirə edilməsi nəzərdə tutulur.