Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə idman yarışları başladı

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə idman yarışları başladı backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə idman yarışlarına start verib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, xalqımızın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə nazirliyin struktur bölmələrinin əməkdaşlarından ibarət komandalar arasında mini-futbol və şahmat turnirlərinə başlanılıb.

Bu münasibətlə keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, ölkəmizdə makroiqtisadi sabitlik və inkişafa nail olunması yönündə mühüm tarixi xidmətlərindən, habelə əhalinin sosial müdafiəsinə diqqət və qayğısından söz açılıb. Qeyd olunub ki, Ulu öndərin müəllifi olduğu müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir.

Sürətli tərəqqi dövrünü yaşayan Azərbaycan eyni zamanda yoxsulluğun və işsizliyin ən aşağı səviyyəsi ilə seçilən, sosial rifah göstəriciləri daim artan ölkələrdən biridir. Tədbirdə Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunda Azərbaycan idmanının inkişafının da daim mühüm yer tutduğu vurğulanıb, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətdən, Azərbaycanın əldə etdiyi idman uğurlarından bəhs olunub. Birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsinin ölkəmizə beynəlxalq səviyyədə yüksək inam və etimadın təzahürü olduğu bildirilib.

Ümummilli liderin doğum günü ərəfəsində ƏƏSMN-nin struktur bölmələrinin əməkdaşlarından ibarət komandalar arasında bu idman turnirlərinin keçirilməsinin gənclər arasında sağlam həyat tərzinin təbliğinə yönəldiyi qeyd edilib. İdman turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində müəyyən olunacaq və qalib komandalara kubok və medallar təqdim ediləcək.
Diaspora