Azərbaycandan Türkiyənin dollardan imtina təklifinə reaksiya - “Kreml əməliyyatı”

Azərbaycandan Türkiyənin dollardan imtina təklifinə reaksiya - “Kreml əməliyyatı” backend

"Azərbaycan dollardan imtina edə bilməz”. Bunu BakiPost.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfenkcinin hər iki ölkə arasında ticarət əlaqələrinin milli valyuta ilə aparılması təklinə münasibət bildirərkən deyib.

O, türkiyəli nazirin təklifini həyata keçirməyin mümkünsüz olduğunu bildirib: "Son vaxtlar belə açıqlamalar çox gedir. Xüsusilə Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşılaşandan sonra bu məsələ gündəmə gətirilib. Türkiyə əvvəlcə Rusiyaya belə bir təklif etdi. İndi də bizə təklif edirlər.

Bütün beynəlxalq hesablaşmalar dollar, qızıl, funt sterlinq və s önəmli valyutalarla aparılır. Hazırda hər şey dollarla aparıldığı üçün bu, o qədərdə asan məsələ deyil. Bu sistemə keçmək üçün 10 illərlə vaxt lazımdır. Birdən birə bunu eləmək olmaz. Çünki çox çətin prosesdir”.

Deputat qeyd edib ki, bu həm də bu siyasi məsələdir: "Əvvəllər dövlətlər müqavilə bağlayırdı. Məsələn, müəyyən malları biz Rusiyaya, onlar da bizə ixrac edirdi. Onu dollara çevirib hesablayırdıq. Yəni müqavilədə mal dövriyyəsi manatla və ya rubl ilə aparılırdı. Amma müqavilə bağlanan zaman kimin nə qədər mal verməsi göstərilirdi. Buna "Kreml əməliyyatı” deyirdik. Elə əməliyyat aparmaq olar. Amma dolları kənara qoyub manat və lirədən istifadə etmək mümkün deyil”.

Qeyd edək ki, Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfenkci Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı ticarəti hesablamalarda dollardan imtina edərək Azərbaycan manatı və türk lirəsindən istifadə edilməsi ilə bağlı təklif səsləndirib.