Dəhşət və zülm içində çürüyən köçkünlər fəryad qopardılar - Bizi bura məhkum edənlərin vicdanı sızlamır...-FOTO

Dəhşət və zülm içində çürüyən köçkünlər fəryad qopardılar - Bizi bura məhkum edənlərin vicdanı sızlamır...-FOTO backend

Köçkün döyüşçü: “Uşaqlarımın üzünə baxmağa xəcalət çəkirəm!” 23 il əvvəl, doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın bir qismi Xəzər rayonu, Buzovna qəsəbəsi, “Xəzər” sanatoriyasında məskunlaşıblar. Üç korpusdan ibarət olan bu sanatoriya 1964-cü ildə tikilib, istismar müddəti də çoxdan başa çatıb. Odur ki, hər üç korpusda vəziyyət acınacaqlı hal alıb. Bu ilin sentyabr ayının 17-də II korpusda baş verən güclü yanğın sözügedən korpusu daha dözülməz həddə çatdırıb. Köçkünlərin həyat tərzini oxuculara daha ətraflı çatdırmaq üçün onları dinlədik.

“Gəlirlər, baxırlar, gedirlər!”

Ağdam rayonu Şıxbabalı kəndindən köçkün düşmüş Təranə Səlimova II korpus 2-ci mərtəbədə, təxminən 25 kvadratmetr sahəsi olan dar bir otaqda 23 ildir 5 ailə üzvü ilə birgə çəkdiyi əziyyətlərdən tutmuş ta yanğına qədər hamısını danışdı: “Yanğın baş verən 2-ci mərtəbədə 5 ailə evsiz qaldı. Mənzillər içindəki əşyalarla, həmçinin dəhliz və köçkünlərin dəhlizlərə yığılmış ev əşyaları da yanğın zamanı yanıb kül oldu. 1993-cü ildə köçkün düşərkən, rayondan yalnızca gündəlik geyim paltarlarımızdan başqa heç nə çıxartmamışdıq. Bu 23 ildə yeməyimizdən-geyimimizdən kəsərək, zərrə-zərrə özümüzə ev əşyaları, yaşamaq üçün bəzi ləvazimat almışdıq, hamısı yandı. Mənzillərimiz istifadəyə yararlı olmadığından həmin 5 ailəni oradan da bərbad bir tikiliyə yerləşdirdilər...Artıq qışdır! Yararsız binada körpələrimiz səhərə qədər titrəyir, ağlayır. Otağı qızdırmaq üçün sanatoriyanın həyətindən topladığımız küknar qozalarından başqa yanacağımız yoxdur. Ümumiyyətlə, bu üç korpusun heç birində qaz xətləri olmadığı üçün hamı bu “yanacaq” növündən istifadə edir. Hələ qış indi başlayıb, amma bu “yanacaq” da tükənmək üzrədir. İşıqlarımız da 1 saat yananda, 4 saat da yanmır. Dəfələrlə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Xəzər rayon İcra hakimiyyətinə, yazılı və şifahi müraciətlər etmişik. Gəlirlər, baxırlar, gedirlər! Nə binanın təmiri, nədə köçkünlərin buradan köçürülməsi haqqında bir kəlmə deyən, heç olmazsa, təsəlli belə verən yoxdur”.



“Qəribəsi odur ki, binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyən FHN əməkdaşlarının rəsmi arayışı sakinlərdən gizli saxlanılır”





Ağdamdan olan Mədinə Hüseynova həmin dəhşətli günü xatırlayaraq söylədi ki, yanğını söndürən FHN əməkdaşlarının protokolda nə yazdıqlarını bilmirəm, amma dəqiq bilirəm ki yanğının nədən qaynaqladığını düzgün qeyd etməyiblər. Hörümçək toruna bənzəyən elektrik naqillərindəki qısaqapanma bu boyda yanğına səbəb ola bilməzdi. 23 ildir bina sakinləri propan qaz balonlarından istifadə edir və qısaqapanma zamanı balonların partlaması yanğının miqyasını və zərərini böyütdü. Binada çatlar, lay-lay olub tökülən beton hissələr ölüm saçır. Qəribəsi odur ki, binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyən FHN əməkdaşlarının rəsmi arayışı sakinlərdən gizli saxlanılır.

“Su quyuların qapaqlığı yararsız vəziyyətə düşdüyündən tez-tez orada quş, müxtəlif heyvan cəsədlərinin olduğunu görürük”



Həsən Məmmədov Ağdam rayonunun Göytəpə kəndindəndir. O, içməli su problemindən danışaraq bildirdi ki, 198 ailənin içməli su tələbatı həftədə bir dəfə su maşınları ilə paslanmış dəmirdən olan çənlərə su vurulmaqla ödənir: “Mənşəyi, haradan gətirildiyi məlum olmayan həmin sudan istifadə etdikdən sonra binamızda vərəm xəstələrinin sayı durmadan artdı. Gündəliyə işlətdiyimiz su isə borular vasitəsilə əvvəlcə binanın həyətindəki quyulara, sonra isə oradan binaya verilir. Duzluluğuna görə, dəniz suyundan seçilmir. Rəngi də ürəkacan deyil. Nə sabun, nə şampun bu suda köpük verir. Amma nə edə bilərik, qab-qacağın, paltarların yuyulması, çimmək kimi vacib tələbatlarımız bu su ilə həll olunur. Həmin quyuların qapaqlığı yararsız vəziyyətə düşdüyündən tez-tez orada quş, müxtəlif heyvan cəsədlərinin olduğunu görürük. Həmin cəsədlər çıxarıldıqdan sonrada çarəsiz qalıb yenidən o suyu işlətmək məcburiyyətində qalırıq. Məncə, quraqlıq olan Afrika ölkələrində də suya görə bizim çəkdiyimiz əziyyəti çəkmirlər. Hələ bir yas mərasimi olanda lap özümüzü itiririk! Ölünü yumaq üçün təmiz suyu pulla almağa məcbur oluruq. Bir sözlə, dirilərimizin də, ölülərimizin də yanında xəcalətliyik”.

Digər məcburi kökün Gülşən Quliyeva da Ağdamdandır. Deyir ən pisi də odur ki, hamam, mətbəx, ayaqyolu funksiyasını bir otaq həyata keçirir: “Əgər işdir, kimsə içəridə çimirsə, yaxud ayaqyolundadırsa, o zaman digər ailələr bunun əziyyətini çəkməlidir. Çünki içəridən bu məqsədlə istifadə edən olanda orada xörək hazırlamaq qeyri-mümkündür. Nəticədə, kifayət qədər ailə ac qalır. Çimmək deyəndə ki, elə bilməyin, duş-filanımız var, xeyir! On doqquzuncu əsrlərdəki kimi iri qazanda suyu qızdırıb, dolça ilə də başımıza suyu töküb, belə təmizə çıxırıq”.

Hüsən Əhmədov binanın kanalizasiya sularını canına çəkmiş, nəmişlikdən parça-parça olub tökülən tavan və divarlarından danışır: “Dəfələrlə o daş-beton parçaları dəhlizlərdə gəzən uşaqların da, böyüklərində başına düşüb, yaralayıb, şükür ki, ölüm halları olmayıb. 23 ildir kanalizasiya xətlərindən zirzəmiyə çirkab sular tökülürdü. Oradanda yeraltı borularla dənizə axırdı. 2-3 il əvvəl binanın yaxınlığında – düz dənizin sahilində istirahət obyektləri tikilməyə başladı. Bu zaman dənizə çıxışı olan boruların həmin ərazidən keçən hissəsini kəsib, qaynaqla bağladılar. O gündən kanalizasiyanın heç bir yerə çıxışı olmadığından zirzəmiyə dolmağa başladı. Bəzən binanın özül hissəsindən düşən daşların yerindən-oyuqlardan çirkab həyətə axsada, artıq çirkli su 1-ci mərtəbəyə qədər qalxıb”.

“Cəmiyyətin bizim varlığımızdan xəbəri yoxdur...”



Qiyaslı kəndindən olan Lətifə Xəlilova belə yaşam tərzinin köçkünlərin cəmiyyətdən kənarda qalmasına səbəb olduğunu vurğuladı: “12 ildir ailə qurmuşam, binadakı nəmişlik, çirkab, şəraitsizlik, darısqallıq və bütün bunların nəticəsində yaranan əsəbilik, aqressiya 12 ildir ki həyatımı məhv edib. 5 övlad itirmişəm, indidə ana ola bilmirəm. Bu da gələcəyə olan ümid və arzularımın üzərinə kölgə salır, bədbinləşirəm. Hər şeydən soyuyuram. Elə bilirəm, “Xəzər” sanatoriyasında həyat dayanıb...Cəmiyyətin bizim varlığımızdan xəbəri yoxdur... Çoxu burda belə düşünür...”

“Binada sağlam adam tapmaq çətindir. Bronxial astma, hipertoniya, vərəm, revmatizm, onkoloji xəstəliklər, sinir sistemi xəstəlikləri burada baş alıb gedir” - deyir Şəfaqət Hacıyeva.

“Artıq yaxşı nəysə gözləməkdən cana yığılmışıq!”



Gözlərini bir nöqtəyə zilləyərək, kədərli səsilə davam edir: “Elə bir ev yoxdur ki, orada adını sadaladığım bu xəstəliklərin birinin daşıyıcısı olmasın. Mən onkoloji xəstəliklərdən əziyyət çəkirəm. Əvvəllər müalicə olunurdum. Həkimlər məsləhət gördü ki, səhhətinin qayğısına qalmayınca, özünü qorumayınca müalicənin xeyri olmayacaq. Haradan alım, hamamı - mətbəxi - ayaqyolusu ayrıca, isti-soyuq suyu olan, kanalizasiyası zirzəmiyə tökülməyən rahat evi?

Haradan alım, od qiymətinə iynə-dərmanı, immunitet sistemini gücləndirən ərzağı? İş-güc var ki, ailə başçısından bütün bunları qarşılamağa pul tələb edim? Artıq yaxşı nəysə gözləməkdən cana yığılmışıq! Ən yaxşısı elə, ölümünü gözləməkdir! Bizi bura məhkum edənlərin vicdanı niyə sızlamır? Onların vicdanlarının sızlayacağı günü gözləməkdəyik!”

Ağdam rayonunun Seyidli kəndindən olan Tamella Hüseynova Şəfaqət xanımın söhbətinin təsiri altında əsəbi şəkildə dedi ki, bu neçə ildə bir səlahiyyət nümayəndəsi bizimlə maraqlanmadı, vəziyyətimizlə tanış olmadı, bizə nə edəcəyimizi başa salmadı. Nə Ağdam İcra hakimiyyətindən, nə yerli icra hakimiyyətindən, nə “Qaçqınkom”dan sırf bizi düşünəcək bir addım atıldığını görmədik. Parlamentə seçkilər ərəfəsində deputatımız Bəxtiyar Əliyevi görürük, yəni hər beş ildən bir!





Söhbətimizin sonuna yaxın, Şıxbabalı kəndindən köçkün, keçmiş döyüşçü Tariyel yanğından sonra bombalanmış əraziyə oxşayan evini bizə göstərib, əlacızcasına bu sözləri dedi: “Uşaqlarımın üzünə baxmağa xəcalət çəkirəm. Bu vaxta qədər rahat, şəraitli həyat yaşada bilmədim onlara, indidə olan-qalanımız - əşyalarımız, daxmamız yandıqdan sonra nə edəcəyimi də bilmirəm.

Köçkünlər deyirlər ki, bu binadan, onların acınacaqlı vəziyyətindən Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevanın xəbəri yoxdur. Xəbər tutsalar onların dadına mütləq çatarlar!





QAZİLER.AZ
Əntiqə Rəşid
Fotolar və video müəllifindir
Diaspora