İşçi və işəgötürənlər məlumatlandırılıb

İşçi və işəgötürənlər məlumatlandırılıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qazilər.az-a verilən xəbərə görə, işçi və işəgötürənlər əməyin mühafizəsi üzrə norma və standartlar barədə məlumatlandırılıb.

Əmək qanunvericiliyi işçi və işəgötürənlər arasında bağlanan əmək müqaviləsində işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyin əksini tapmasını tələb edir. Həmin öhdəliyin yerinə yetirilməsi işəgötürənlər üçün məcburi xarakter daşıyır. Bu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) “Təhlükəsiz iş aylığı” çərçivəsində Bakı şəhərində və İmişli rayonunda iri işəgötürənlər (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və Azərbaycan Şəkər İstehsalı Birliyi) üçün əməyin mühafizəsinə dair keçirdiyi maarifləndirmə tədbirlərində vurğulanıb.

Bildirilib ki, iş yerlərində əməyin mühafizəsinin təmin olunmamasına, işçi insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinə görə qanunvericilik aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Çünki belə hallar nəticə etibarilə istehsalatda bədbəxt hadisələrin baş verməsinə, işçi insanların həyat və sağlamlığının təhlükə altında qalmasına səbəb olur. Ona görə də hər bir işəgötürən əməyin mühafizəsinin təşkilinə, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə məsuliyyətlə yanaşmalıdır.

Tədbirlərdə əmək qanunvericiliyi, habelə əməyin mühafizəsi sahəsində normativ-hüquqi aktlar haqqında geniş məlumatlar verilib. DƏMX tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına, habelə iş yerlərində əməyin mühafizəsinin təşkilinə dövlət nəzarətinin gücləndirilməsi yönündə tədbirlərdən də söz açılıb. Həyata keçirilən təsirli tədbirlərin ölkəmizdə istehsalat qəzalarının, bu hadisələr zamanı ölən və ya xəsarət alanların sayının kəskin şəkildə azalmasına səbəb olduğu bildirilib. İşəgötürənlərin və işçilərin əməyin mühafizəsi mövzusunda sualları cavablandırılıb, onlara hüquqi-praktik izahatlar verilib. Sonda qeyd olunan müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsi üçün görülən işlərə baxış olub.




Diaspora