Bu dünyayla oynamamağı məsləhət görən Ramiz Rövşən 70-i tamamladı...

Bu dünyayla oynamamağı məsləhət görən Ramiz Rövşən 70-i tamamladı... backend

Bu gün Azərbaycanın ŞAİRi Ramiz Rövşənin 70 yaşı tamam olur.

Bu rəqəm kiminə böyük, kiminə kiçik görünə bilər. Amma bu yetmişə böyük şair ömrü sığışıb.

"Ən çox qışda, ayazda sevən", "biz olmayan yerlərə getmək istəyən" şair cavanlara qoca dünyayla oynamamağı, düşməndən deyil, dostdan ehtiyatlı olmağı məsləhət görür:

Ayrı şəhəri olmayanlara yenə bu şəhərdə üz-üzə gələcəklərini xatırladan şair "bir ötən sevgini unuda bilsə" "bağışla"nmağını istəyir.

"Yuxuda ölmək asandır" deyir Ramiz Rövşən:

Deyirlər, yuxuda ölmək asandı...
Özün də bilmirsən necə ölürsən.
Səhər tezdən eşidirsən əzandı,
Yuxudaca kirimişcə ölürsən...


"Göy üzünə daş atan oğlan"ı məzəmmət edir:

Hələ ki, başına gözünə qıymaz,
atdığın daşları saxlar göy üzü.
Atdığın daşları tutub əlində,
Səni illər boyu yoxlar göy üzü.
Qırxıq başın tüklənincə,
O dumduru gözlərin
bulaninca, çirklənincə,
atdığın daşları saxlar göy üzü...


Şairin həyat yoluna qısa nəzər:

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür...

Qaziler.az Ramiz Rövşənin şeirlərini təqdim edir və sevimli şairimizə uzun, sağlam ömür, bol-bol yaradıcılıq uğurları arzulayır.

İçindən yıxılır adam

Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.


Dünya qaçır ayağının altından –
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.


…Gülmə hər yıxılana,
atam balası, gülmə, –
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam…