AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, BDU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov bir neçə gün öncə institutda baş verən qalmaqala aydınlıq gətirib. Axar.az-a müraciət edən Ş.Bağırov institutun baş elmi işçisi Əbülhəsən Abbasovun mediaya uydurma açıqlama verdiyini, deyilənlərin həqiqətə uyğun olmadığını bildirib:
“Sizə tam və səmimi şəkildə müraciət edib bildirirəm ki, Fəlsəfə İnstitutunun baş elmi işçisi Əbülhəsən Abbasov müxtəlif elektron saytlara və KİV-lərə ünvanladığı müraciətdə qəsdən, düşünülmüş və məqsədli şəkildə mənim ünvanıma həqiqətə uyğun olmayan, dezinformasiya xarekterli məlumatlar ötürüb. Mən həmin məlumatları bütün KİV-lərdən və elektron saytlardan gündəlik toplayaraq rəsmi şəklidə, ərazi aidiyyəti üzrə xüsusi ittiham qaydasında, yəni AR Cinayət Məccələsinin 147.2.; 148-ci maddələri ilə məhkəməyə müraciət edəcəm.
Əbülhəsən Abbasov verdiyi informasiyalarda hadisələrin istiqamətini dəyişərək guya mənim institutun əməkdaşı Hacı Xaliq Əhmədzadə tərəfindən öyrədildiyimi, onun təsir dairəsində hərəkət etdiyimi bildirib. Sizə bildirirəm ki, mənim Hacı Xaliq Əhmədzadə ilə heç bir zaman səmimi ünsiyyətim və işgüzar münasibətlərim olmayıb, onunla münasibətlərim həmişə gərgin və kəskin olub. Mən özümü dəfələrlə Hacı Xaliqdən güclü, ağıllı, savadlı və uzaqgörən hesab etmişəm. Mənim çəkim və boyum iki dəfə ondan böyükdür. Mənim artıq 51 yaşım, 4 övladım var.
AMEA-nın Fəlsəfə İnstitutunda işləyirəm. Siyasi elmlər üzrə fəlsəfə doktoruyam, hazırda institutun aparıcı elmi işçisi və BDU-nun dosenti kimi pedaqoji fəaliyyətlə mütamadi məşğulam. Bütün şüurlu həyat fəaliyyətim göstərir ki, mən bir orduya rəhbərlik edəcək ağıl, intellekt və insani resurslara malikəm. Mən heç kəsin arxasında gizlənməmişəm. Mübarizəmi həmişə kişi kimi aparmışam və bundan sonra da öz tutduğum qətiyyətli mövqeyimdən geri çəkilməyəcəm.
Ruşan Ruşanzadə mənə, bədənimin müxtəlif nahiyyələrinə ağır bədən xəsarətləri yetirib. Səbəb isə onun dövlət əleyhinə, 02 aprel 2016-cı il döyüşləri zamanı ordumuzun şanlı və zəfər döyüşlərinə xələl gətirən yazılması mümkün olmayan küçə söyüşlərinə mənim obyektiv şəkildə reakasiya verməyib olub. O isə mənim reaksiyama şəxsiyyətimi, şərəf və ləqayətimi, ailə üzvlərimi küçə söyüşləri ilə təhqir etməklə cavab verdi. Mən bu barədə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadəyə rəsmi məlumat vermək üçün AMEA-nın inzibati binasının 4-cü mərtəbəsinə qalxarkən, dəhlizdə boyun nahiyəmdən qəflətən vuraraq ayaq zərbəsi ilə məni yerə yıxdı, ayaq və təpik zərbələri ilə bədənimin müxtəlif nahiyyələrinə qüvvətli zərbələr endirdi, məni dəhlizdə sürüyərək köynəyimi və şalvarımın dizlərini cırdı.
Qeyd edim ki, DİN-in Yasamal rayon RP-nın 28-ci polis bölməsinin tədqiqatçısı, polis kapitanı Kamil Rəhmanovun icraatında olan HK-1-1276-1277 saylı cinayət işi hazırda Respublika Prokurorluğunda icraata götürülüb. Buna baxmayaraq, Ruşan Ruşanzadənin təşkilatçısı, sifarişçisi və təhrikçisi Əbdülhəsən Abbasov mətbuata açıqlama verərək, guya mənim Ruşana xəsarət yetirdiyimi bildirir. Əslində, Azərbaycan Respublikası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydə Ruşanzadə Ruşanın (Mustafayev Rövşənin) heç bir bədən xəsarətlərinin olmadığı və əksinə, AR CM-nin 128-ci maddəsinin tələblərinə əsasən bədənimin müxtəlif nahiyələrindəki xəsarətlər barədə məlumat Azərbaycan Respublikası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 1035 saylı 30.11.2016-cı il tarixli rəyində öz əksini tapıb.
Məhz cinayət işi də bu səbəbdən və şahid qismində dindirilən şəxslərin verdiyi ifadələr əsasında qaldırılıb. Digər tərəfdən, Ə.Abbasov mətbuata açıqlamasında Ruşanın işdən azad olunması barədə institut direktoru İlham Məmmədzadənin imzaladığı və möhürlə təsdiq etdiyi 09.12.2016-cı il tarixli, 51/01-388 saylı rəsmi əmrə şübhə ilə yanaşır. Hətta bir az da irəli gedərək, İ.Məmmədzadənin naşı və təcrübəsiz olduğunu və guya təzyiq altında əmrə imza atdığını vurğulayır.
Əvvəla Ruşanzadə Ruşanın ali təhsil barədə diplomunun tam saxta olduğu aşkarlanıb. Onun “diplomu” Təhsil Nazirliyinin müvafiq qurumunda şəffaf və düzgün nastrifikasiya olunmayıb. Belə ki, o, 2003-2007-ci ildə Gürcüstanın heç kim tərəfindən tanınmayan "Tbilisi Siyasi Akademiyası" adlı özəl bir akademiyasında guya təhsil alıb. Dövlət Sərhəd Xidməti rəisinin 12 iyun 2015-ci il tarixli 691/1114 saylı rəsmi məktubuna əsasən göstərilən təhsil illərində, yəni 2003-2007-ci illərdə Ruşan Ruşanzadənin Azərbaycan-Gürcüstan dövlət sərhəd xidmətinin keçid məntəqələrində giriş və çıxışı barəsində bir dəfə də olsun, rəsmi qeydiyyat yoxdur. Bundan başqa, qeyd etmək istəyirəm ki, bu şəxs nə gürcü, nə ingilis, nə də rus dilində ünsiyyət qurmaq qabiliyyətinə malikdir. Hətta "diplom"a qəribə bir möhür də basılıb (istəkli oxuculara təqdim edirəm). Həmin saxta diplomun dövlətin gerbli möhürü tələb olunan yerində banan və dondurma qutularının üzərinə vurulan dəfətərxana ştamplarının şəklini görə bilərsiz.
Ruşan Ruşanzadəyə məxsus saxta sənədlərin surətlərini sizə təqdim edirik:
Xatırladaq ki, 12 dekabrda baş verən insidentə görə AMEA Fəlsəfə İnstitutunun Siyasi Nəzəriyyələr şöbəsinin elmi işçisi Ruşan Ruşanzadə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İnstitutun əməkdaşı, professor Əbülhəsən Abbasov Moderator.az-a verdiyi açıqlamada R.Ruşanzadənin günahsız olduğunu deyib. Onun sözlərinə görə, R.Ruşanzadə haqsız yerə işdən çıxarılıb.