“Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib

“Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2016-cı il üçün fəaliyyət planına əsasən, dekabrın 1-də Göyçay Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən danışıb.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov qeyd edib ki, ordu quruculuq sahəsində aparılan davamlı işlər nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri bütün göstəricilərinə görə regionun ən qüdrətli ordusu statusunu qazanıb.

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev isə bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi davamlı siyasət Azərbaycanın iqtisadi, siyasi və hərbi sahədə güclənməsi ilə nəticələnib.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxışında qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirdiyi işlər milli düşüncəli gənc nəslin formalaşmasına müsbət təsir edir.

Tədbir çərçivəsində şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.