Habil Nəsibov: “Halal torpağımı əlimdən almaq üçün min bir vasitəyə əl atırlar”
QAZILER.AZ saytına növbəti şikayət məktubu daxil olub. Məktubu 2-ci dərəcəli Qarabağ əlili, 3 övlad atası Habil Nəsibov redaksiyaya ünvanlayıb. Qarabağ Qazisi bildirir ki, müharibədə aldığı yara nəticəsində kəllə sümüyünün bir hissəsi sıradan çıxıb və onun başına plasmas yerləşdirilib. Başından yaralanmaq Habil Nəsibovda ciddi beyin pozuntusu yaradıb və o, epilepsiya xəstəsinə çevrilib. İldə bir neçə dəfə sudurğa keçirən Qarabağ döyüşçüsü yazır ki, ömrünün yarısını xəstəxanalarda keçirib.Lakin Qarabağ qazisinin dərdi başqadır. Son vaxtlar Habil Nəsibova qarşı haqsızlıqlar baş alıb gedir. 1994-cü ildə Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 545/77 saylı sərəncamı ilə ev tikmək üçün onun ailəsinə 1200 kv.metr torpaq sahəsi ayrılıb. Elə həmin vaxtdan da Qarabağ qazisi ərazini hasara alıb. Hər il də torpağın vergisini bələdiyyəyə ödəyib. İmkan daxilində, orada özün üçün kiçik bir daxma da qaraladıb. Amma...
2016-cı ilin may ayında özünə məxsus sahədə daha münasib ev inşa etmək istəyən Qarabağ əlilini bir qrup tanımadığı şəxs əhatəyə alaraq özünə məxsus sahədə tikinti aparmağa imkan verməyiblər. Onlar Qarabağ qazisini təhqir edərək bu torpağın onlara məxsus olduğunu deyiblər və hətta həmin yerə çıxarış aldıqlarını da bildiriblər.
Habil Nəsibova hədə-qorxu gələn şəxslər bununla kifayətlənməyib Qarabağ əlilindən onların torpaqlarını qanunsuz zəbt etməsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinə şikayət ediblər. Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi mayor Erol Abdullayev və müstəntiq Azər Həsənov Qarabağ qazisi barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi açıblar. Polisə çağırılan Habil Nəsibova deyilib ki, qarşı tərəfə ya 30 min manat verməlisən, ya da torpaqdan çıxmalısan.
Polisin təzyiqindən əsəb sarsıntısı keçirən Qarabağ qazisinin vəziyyəti ağırlaşıb və onu 1 saylı Klinik Şəhər Xəstəxanasına çatdırıblar. Habil Nəsibov Xəzər rayon polis idarəsinin müstəntiqlərinin onunla asayiş keşikçisi kimi deyil, qoçu dəstəsi kimi rəftar etdiyini bildirir. Onun təqdim etdiyi sənədlərə isə “bunlar boş şeylərdir”, - deyərək Qarabağ qazisini həbsə atmaq üçün bəhanə axtarırlar.
QAZİLER.AZ-ın əməkdaşları olaraq sənədlərlə tanış olduqda isə görürük ki, Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyətinin başçısı 23 iyun 1994-cü il tarixli 545/77 saylı sərəncamla Qala qəsəbəsində 514-cü sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsini Qarabağ Qazisi Habil Nəsibovun ailəsinə ayırıb. Hətta məsələ gündəmə gəldikdən sonra Xəzər rayon İcra Hakimiyyətindən qarşı tərəfə həmin torpağın Qarabağ əlili Habil Nəsibova məxsus olduğunu bildirsələr də, qarşı tərəf əl çəkmək fikrində deyil. Onlar hər vasitə ilə Habil Nəsibovu halal torpağından çıxarmaq istəyirlər. Əks təqdirdə onu həbslə hədələyirlər.
Hazırda bu məsələ ilə bağlı iş məhkəmədədir. Qarabağ Qazisi Habil Nəsibov Xəzər rayon polis idarəsinin yuxarıda adları çəkilən şöbə rəisindən, müstəntiqindən və onların qanunsuz əməllərindən şikayətçidir. Həmçinin o, Azərbaycan Respublikası Daxili İşlər naziri Ramil Usubova, Respublikanın baş prokuroru Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova və Xəzər rayon prokuroru Fəxri Ələsgərova müraciət edərək onun təhlükəsizliyinin qorunmasını təmin etməyi xahiş edir.
QAZİLER.AZ saytı hadisənin şahidi, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədovla da əlaqə saxlayıb. O, təşkilatın digər fəalları ilə Xəzər rayon Polis İdarəsində olub və şəxsən istintaq idarəsinin rəisi mayor Erol Abdullayev və müstəntiq Azər Həsənovla görüşüb. O da müstəntiqlərin etikadan kənar, polis və insanlıq adına yaraşmayan davranışlarının şahidi olduğunu dedi: “Bizə maraqlı olan odur ki, Xəzər Rayon Polis İdarəsi niyə belə qanunsuzluq edir?! Yəqin ki, ortalıqda onların hər hansı bir şəxsi “maraqları” da var! Ümid edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər naziri, cənab Ramil Usubov Qarabağ əlilinin hüquqlarını pozan polislərin durdurulması, onların barəsində lazımı ölçü götürülməsi üçün müvafiq tapşırılar verəcək. Çünki cənab nazir həmişə Qarabağ əlillərinə, Şəhid ailələrinə xüsusi diqqəti ilə seçilib.”
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.