Neft istehsalını azaltmaq ölkəmizə baha başa gələcək?

Neft istehsalını azaltmaq ölkəmizə baha başa gələcək? backend

"Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel, hazırkı hasilatının 5,5 faizi qədər azaltmağa razı olub. Əgər həqiqətən də Azərbaycan neft ixracatını gündə 35 min barrel aşağı salarsa, cari qiymət səviyyəsində ölkəmiz gündə 1,925 milyon dollar, ayda isə 57,5 milyon dollar ixrac gəlirlərindən məhrum ola bilər”.


Bunu BakiPost.az-a iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O bildirib ki, bu məbləğin 47 milyon dollarının xalis mənfəət olduğunu nəzərə alsaq, onda aylıq təmiz valyuta itkisi orta aylıq qeyri-neft ixracatının yarısı qədər olacaq: "Rəsmi məlumatlarda bu ilin 9 ayının yekunlarına görə, Azərbaycanda orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib. Belə olan halda valyuta gəlirlərinin azalması manatın məzənnəsinin ucuzlaşmasını şərtləndirən amilləri daha da fəallaşdıra bilər. Ona görə bu məsələdə həlledici rol dünya bazarında neftin qiymətinin hansı səviyyədə tarazlaşmasından asılı olacaq”.

Qubad İbadoğlu hesab edir ki, dünya bazarında neft təklifinin azaldılması qərarı hər barrelə görə qiymətin gələn ildən orta səviyyəsinin cari səviyyədən 10 dollar və daha çox yüksəlməsinə gətirib çıxaracağı halda Azərbaycanın qiymət artımından əldə etdiyi fayda itirdiklərindən çox ola bilər:"Əks təqdirdə, miqdarın itkisi qiymət artımını kompensasiya edə bilməyəcək. Bu isə Azərbaycan kimi iqtisadiyyatı və milli valyutası neft gəlirlərindən asılı olan ölkələr üçün risklidir”.