“Elektron xəritələşmə” adlı biabırçılığımız...

“Elektron xəritələşmə” adlı biabırçılığımız... backend

Müasir dövrdə internet az qala kitabxanalardan və arxivlərdən də öndə duran elmi mənbə hesab edilə bilər. Sözsüz ki, Qarabağ barədə anlayışı olmayan hər hansı bir avropalı, amerikalı, asiyalı və afrikalı internetə müraciət edəcək. Lakin əcnəbi internet istifadəçisi internetdəki, xüsusilə də GeoHack və Google-Earth servislərindən görəcək ki, demə Dağlıq Qarabağda az qala bütün yer adları ermənicədir?!

Bəli, hörmətli oxucu, GeoHack və Google-Earth internet servislərində nəinki “ermənistan” ərazisindəki keçmiş Azərbaycan kənd və şəhər adları, hətta Dağlıq Qarabağ və işğal edilmiş Azərbaycan torpaqlarındakı yer adlarının böyük bir qismi də (əgər hamısı olmasa da) erməni dilindədir. Və hətta, işğal edilməmiş kənd adlarımızın bəziləri də ermənicədir...

Məsələn, əgər biz GeoHack axtarış xidmtində Azərbaycanın istənilən guşəsinin adını yazsaq, bütövlükdə çıxan Azərbaycan xəritəsində “ermənistan” və Dağlıq Qarabağın ərazisi erməni və ingilis dilində yazıldığını görərik. Hələ üstəlik Dağlıq Qarabağ ingilis və erməni-hay dilində “Dağlıq Qarabağ respublikası” kimi verilib.

(Şəkil - 1)


Google-Earth servisində isə biz Dağlıq Qarabağ ərazisini miqyasla böyütməyə başlasaq, erməni və ingilis hərfləri ilə Xankəndinin adının “Stepanakert” kimi yazıldığını görərik. Həmçinin, həmin miqyasda biz Şuşanın da adının erməni hərfləri ilə “Şuşi” və latın hərfləri ilə anlaşılmayan “Susa-seher” yazıldığını görərik. Görəsən, bu “Susa-seher” sözünün “Şuşa şəhəri” sözünə aidiyyatı varmı? Bəlkə də elektron xəritələrlə işləməyi bacaran hansısa erməni coğrafiyaçı qrupu Azərbaycan dilini ələ salmaq üçün “Susa-seher” sözünü Google-Earth-ə yerləşdirmişdir? Doğrusunu göydəki Allah, yerdə isə bəlkə, ola bilsin, mümkündür ki, AMEA Coğrafiya İnstitutu bilər.

Əgər biz Gədəbəy rayonunun Xoşbulaq kəndini Google-Earth -də tapsaq, orada hansısa bir yaddaş qeydinin olduğunu görərik. Bu qeydi “siçanla” tıklasak ingilis dilində bütün dünya internet istifadəçiləri üçün maraqlı məlumar açılacaq. Xoşbulaq kəndi barədə məlumatı Google-Earth servisinə yeridən dığanın soyadı İgityandır.

Görək hay dığası İgityan ingilis dilində bütün dünyaya Xoşbulaq kəndini necə tanıdır: “Xaçağbyur kəndi bütünlüklə aborigen erməni əhalisinə məxsus olub, Dağlıq Qarabağ Respublikasının Şaumyan regionuna aiddir. Hazırda Azərbaycan Respublikası tərəfindən işğal edilib”?!

(Şəkil - 2).


Futbol termini ilə desək, İgityan adlı erməni dığası bizim Coğrafiya İnstitutunun qapısına növbəti qələbə topunu vurur...

Google-Earth xidmətinin rus dilindəki variantı isə bütünlüklə “ermənistan” coğrafiya institutu tərəfindən tərtib olunub və ingilis dilli variantdan heç geri qalmır. Dağlıq Qarabağ ərazisinə rus dilli variantda nəzər yetirsək, məlum olar ki, orada Stepanakertdən və Şuşidən (Şuşa deyil, “Şuşi”) başqa, sən demə, “Kaşatak” (Laçının Google-Earth-də dəyişilmiş adı) və “Martuni” kimi rayonlar varmış.

(Şəkil - 3)


... Erməniləşən təkcə işğal altındakı torpaqlarımız deyil. Məsələn, Şəmkir rayonunun Zəyəm qəsəbəsi Google-Earth servisində ruscada “Dzeqam”, ingiliscə variantda “Jeqam” kimi gedir. İstənilən erməni dünyanın hər yerində bu “Dzeqam”ı göstərib deyə bilər ki, sən demə, Şəmkir də onların imiş.

(Şəkil – 4).


Ən təəccüblüsü və biabırçı səviyyədə gülməlisi odur ki, Azərbaycanın internetdə tərtib etdiyi xəritələrdə bizim bəzi müasir və tarixi kəndlərimizin belə, nə adını, nə də koordinatlarını tapmaq olmur.

Rəfiqəm olan bir alim xanım vaxtilə Qarabağ və ətraf bölgələrdə tədqiqatlar aparmış alman və rus alimləri barədə məqalə yazmaq istəyirdi. Həmin alman və rus alimlərinin öz xaritələrində qeyd etdikləri Azərbaycan kəndlərini bu gün nəinki internetdə, heç Azərbaycan dilində tərtib edilmiş elektron-xəritələrdə də tapmaq olmur.

Məsələn, Dəmqolu, Gülyataq, Ballıqaya, Dovşanlı kimi kəndlərinin və ya Axmaxı kimi yerlərin adını çətin ki, kağız formatında Azərbaycan dilli xəritələrdə tapmaq olar. Əlacsız qalan alim rəfiqəm rus topoqrafı İlyinin 1878-ci ildəki tozlanmış atlasını istifadə etməyə məcbur olmuşdu. Bu qədim kəndlərimizi internet xəritə servislərində axtarmağa heç dəyməz, internet xəritələrdə onların nə adları var, nə də koordinatları...

Amma çox maraqlıdır ki, Gülyataq kəndinin adını ermənicə “Vadzadzor” kimi internetdə axtarışa versək, kəndi Google-Earth-də çox asanlıqla tapmaq olar. Həmçinin, “Arçadzor” adı ilə Dovşanlı kəndini də görmək olar. Həmçinin, Google-Earth-də Sırxavəndin koordinatlarını da tapmaq olar. Sadəcə “Sırxavənd” yerinə servisin axtarışına ermənicə “Norğazanşi” yazsanız, Sırxavəndin adı olmasa da, yerini və koordinatlarını görə bilərsiniz.

(Şəkil – 5).


Beləliklə, Dağlıq Qarabağ barədə məlumat toplamaq istəyən istənilən əcnəbi internetdə yalnlz ermənilərin toponimləri və verdikləri koordinatlarla tanış olacaqlar. Mən, heç xüsusi məlumatları demirəm...

Bir sözlə, vikipediyada olduğu kimi, bu sahədə də, yəni elektron xəritələşmədə də işimiz Allaha qalıb. Ona görə də üzümüzü Allaha tutub yalvarırıq: Ay Allah, bizi erməni işğalçılarından və onların saxtakarlığından xilas elə! Ay Allah, bizi elektron xəritələşmənin nə olduğunu bilməyən və yer adlarımızı qəsdən saxtalaşdıran internet servis adminlərinin məsuliyyətə cəlb edilməsini heç təsəvvür etməyən bəzi azərbaycanlı coğrafiyaçılardan xilas elə!

Sevda ELAY (Əsgərova)

Diaspora